"Sizin dediyiniz kimi olsaydı, futbolçuları irəli çıxarmazdıq"
"Şamaxı" Azərbaycan Premyer Liqasının 12-ci turunda doğma meydanda "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"la oyunların xüsusiliyi var. Çünki, bu komanda 9 ildir Avropada bizi layiqincə təmsil edir. İki fərqli hissə izlədik. Futbolçulara tapşırmışdıq ki, ani diqqətsizliyə yol verməsinlər. Qarşımızda usta futbolçular var. İlk yarıda istədiyimiz kimi kompakt müdafiə olunduq, əks-hücumlara çıxdıq. Yenə fərdi keyfiyyətə gəlib çıxırıq. Vacib olan anda qol vura bilərdik, vura bilmədik. İkinci hissə də plana uyğun gedirdi. Amma yenə ani diqqətsizlik qola səbəb oldu. Belə komandalara qarşı oynamaq həm biz məşqçilər, həm də futbolçular üçün böyük təcrübədir. İnkişaf etmək istəyiriksə, daha çox üzərimizdə işləməliyik. Önümüzə baxırıq. Hər şey hələ bitməyib. Qarşıda çox oyunlar var. İnanıram ki, komandamız toparlanıb daha yaxşı nəticələr göstərəcək. Futbolçularıma təşəkkür edirəm, layiqli mübarizə apardılar. "Qarabağ"a qarşı oynamaq çox çətindir. Azarkeşlərə də təşəkkür edirəm. Onlar da bilir ki, son anda qollar buraxırıq. Hansı ki, buraxmalı deyilik. Bizim komandanın göstəricisi bu deyil. Yaxşı müdafiə olunuruq, topa sahib oluruq.
Sonuncu olmaq qorxusu var?
- Rəhbərliklə danışığımız oldu. İstəyirik ki, komandada legioner oyunçu olmasın. 4-5 legioner gətirsək, azərbaycanlı futbolçular kənarda qalacaq. Bizim üzərimizə düşən odur ki, bu oyunçuları inkişaf etdirək və "Şamaxı" Premyer Liqada qalsın.
Yerli gənc futbolçular "Şamaxı"ya inkişaf etmək üçün gəliblər. Hansının inkişafını görürsüz?
- Fuaddı, Rəhmandı, Bahadurdu, hamısı oyundan-oyuna inkişaf edirlər. Mövsüm bitəndən sonra digər öndəgedən klublara transfer olmağa hazırdırlar. Amma biz istəyirik ki, onları bir il də komandada saxlayaq.
Dediz ki, layiq olduğumuz yerdə deyilik, son dəqiqə qolları buraxırıq. Bəs bunun səbəbi nədir?
- Səbəb futbolçuların təcrübəsizliyidir. Məşqlə bunu aradan qaldırmaq olmur. Oyunçular plana uyğun istədiyimiz kimi oynayırlar. Fərdi keyfiyyətləri oyundan-oyuna inkişaf etməlidir. Bizim əlimizin altında olan futbolçular bura gələnə qədər Premyer Liqada ümumi götürsək, 90 dəqiqə oyun keçirməyiblər. O stressi, ab-havanı yaşamayıblar.
Komandanın çempionatda qələbəsi yoxdur. Belə bir halda futbolçuları oyunlara necə motivasiya edirsiz?
- Hər oyundan əvvəl və sonra onlara deyirik ki, bizim Premyer Liqada olmağımızın özü bir motivasiyadır. Özümüzü inkişaf etdirmək üçün bu şans bizə verilib və şansı dəyərləndirməliyik. Bir oyun bitdisə, bununla heç nə bitmir. Önümüzdə böyük bir marafon var. Bu, son deyil. Komandaya inanırıq. Biz Premyer Liqada qalacağıq.
Oyun zamanı təmkinli idiz. Sarı vərəqəni etiraza görə gördüz?
- Xeyr. Biz Cavid Hüseynovla tez-tez məsləhətləşirik. İkimiz də göstəriş verdiyimizə görə dördüncü hakim dedi ki, əyləşin. Futbol emosional oyundur. Etiraz etmirik, normal bir şeydir.
Bildirdiz ki, 4-5 legioner gətirsək, yerli uşaqlar kənarda qalacaq. Amma komanda Premyer Liqanı tərk etsə, 20 futbolçu kənarda qalacaq. Sizcə 4-nün kənarda qalması yaxşıdır, yoxsa 20-nin?
- Niyə elə fikirləşirsiniz? Pozitiv fikirləşməliyik. Çünki, inanırıq. Göstərdiyimiz oyunlar onu göstərir ki, biz bura layiq deyilik. Qarşıda ikinci dövrə var. Hazırlıq prosesini keçəndən sonra qələbələr gələcək. Premyer Liqanı tərk etsək belə, futbolçular öndə gedən klublara transfer ola bilərlər.
Sizcə "Şamaxı" hansı komandanı qabaqlamaq potensialına sahibdir?
- Dəqiq deyə bilmərik ki, "Sumqayıt", "Kəpəz", yoxsa "Səbail"dir. Biz öz oyunumuza baxırıq. Oyunumuzu inkişaf etdirib, xal və xallar toplayıb yuxarı pillələrə yüksəlmək istəyirik.
Rəqib haqda yüksək fikirlər bildirdiz. Deyəsən, meydana çıxmamış artıq 0:1 məğlub idiz. Siz necə düşünürsüz?
- Yox, elə deyil. Yəqin ki, oyunu izləmisiz. İlk dəqiqələrdən müdafiədə oturmadıq. İstədiyimiz vaxt pressinq edirdik. Öz oyun planımız var. Birinci hissədə qol epizodlarımız var idi. Sizin dediyiniz kimi olsaydı, futbolçuları irəli çıxarmazdıq, 7-3 sistemi ilə oynayardıq.