Ya Adil Şükürov, ya da... - "Turan Tovuz" üçün İKİ REAL NAMİZƏD
Ayxan Abbasovla qəfil yolları ayıran "Turan Tovuz" baş məşqçi axtarışlarını sürətləndirib.
Mediasport.az xəbər verir ki, qərb klubunda boş qalan posta bu gün üçün 2 real namizəd var.
Tovuz təmsilçisinin rəhbərliyi "Kəpəz"in baş məşqçisi Adil Şükürov və işsiz olan Azər Bağırovla birbaşa təmas keçib.
Tovuzluların baş sponsoru "Huner Group"un rəhbərliyinin əsas üstünlüyü Şükürova verdiyi deyilir.
Bir neçə il əvvəl "Turan Tovuz" akademiyasının baş koordinatoru olmuş Adil bəyin "Kəpəz"dən ayrılması da inandırıcı görünür.
Gəncə təmsilçisini Premyer Liqada saxlayan mütəxəssis komandada ciddi maliyyə sıxıntıları və sponsorun olmamasına görə iş yerini dəyişmək fikrindədir.
4 il əvvəl "Turan Tovuz"da işləmiş və martda "Araz-Naxçıvan"dan ayrılan PRO kateqoriyalı gənc məşqçi Azər Bağırovun da şansları yüksək qiymətləndirilir.
Hər halda yekun qərarı danışıqlardan sonra birbaşa "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev verəcək.