“Komandanın nəticə qazanması üçün təcrübə əsas açardır”
“Mövsümün əvvəlində zədəli basketbolçularımız oldu. Nəticədə müəyyən vaxtda hamımız bir yerdə məşq edib hazırlaşa bilmədik. Bu səbəbdən də arzulanan kimi çıxış etmək mümkün olmadı”.
Mediasport.az xəbər verir ki, bu fikirləri mətbuat xidmətinə açıqlamasında "Gəncə" basketbol klubunun üzvü Derek Rouds deyib.
Amerikalı basketbolçu komandanın çempionata uğursuz start verməsi ilə bağlı sualı cavablandırarkən bildirib ki, müəyyən məqamlarda təcrübə çatmır: “Yeni və gənc oyunçulardan ibarət komandanın nəticə qazanması üçün təcrübə əsas açardır. Heyətdə istedadlı uşaqlar var, onlar hələ bir-birilərinə tam uyğunlaşmayıblar. Bir nöqtəyə gəlib çıxmaq üçün bizə təcrübə qazanmaq vacibdir. Zamanla komanda formalaşır, basketbolçular kollektivə öyrəşirlər. Startımız uğurlu alınmayıb. Bu, təbii ki, bizi narahat edir. Amma müəyyən vaxtdan sonra hər şey yoluna düşəcək. Toparlanmalıyıq, qələbələrə doğru birgə addımlamalıyıq”.
30 yaşlı hücumçu komandanın ardıcıl səfərdə oynamasına da münasibət bildirib: “Çempionata evdən kənarda başladıq və elə də davam etdi. Üç matç səfərdə oynamışıq. Düzdür, marafon uzundur. Artıq bu həftəsonu Gəncədə meydana çıxacağıq. Meydan və azarkeş amili tərəfimizdə olacaq. Enerjimiz və emosiyalarımız çox olacaq və düşünürəm ki, bu, bizim xeyrimizə işləyəcək. Yaxşı bir şeyin başlanğıcı olacaq”.