"Lukaku Azərbaycanla matçda keyfiyyətini nümayiş etdirə biləcək"
"Heyətimizdə zədəli futbolçular var, bir neçə əsas oyunçumuz yoxdur. Düzdür, Kevin De Brüyneni əvəz edə biləcək futbolçum yoxdur, lakin buna baxmayaraq, komandamızda lider ola biləcək futbolçu çoxdur".
Mediasport.az xəbər verir ki, bu sözləri AÇ-2024-ün seçmə qrup mərhələsində Azərbaycan yığmasının rəqibi Belçika millisinin baş məşqçisi Domeniko Tedesko deyib.
37 yaşlı italyan mütəxəssis sabah Bakıda baş tutacaq qarşılaşmaöncəsi heyətdəki zədəlilərdən danışıb. Tedesko bildirib ki, Tibo Kurtua, Kevin De Brüyne kimi futbolçular olmasalar da, komandada təcrübəli və liderliyi reallaşdıra biləcək adlar çoxdur:
"Güvəndiyim futbolçulardan biri də Romelu Lukakudur. İnanıram ki, o, Azərbaycanla qarşılaşmada bu keyfiyyətini nümayiş etdirə biləcək. Lukakunun bacarığına inanıram, onun komandaya çox xeyiri var. Əminliklə deyə bilərəm ki, o, matçdan əvvəl paltardəyişmə otağında ab-havanı dəyişə biləcək. Ancaq 90 dəqiqə meydanda olacağına inanmıram. Buna hələ hazır deyil".
Gənc çalışdırıcı yığmamızın təhlükəli komanda olduğunu bildirib: “Çoxları bizim indidən final mərhələsinə vəsiqə qazandığımızı qeyd edirlər. Məncə, bu, düzgün deyil. Azərbaycan İsveçə 0:5 hesabı ilə uduzsa da, birinci hissə tam fərqli keçmişdi. İlk qolu vursaydılar, nəticə fərqli olardı. Bizimlə oyunda da bu hal yaşana bilər. Rəqibin heyətində sol cinah oyunçusunu qeyd edərdim. Qollarda yaxından iştirak edə bilir”.
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da start götürəcək.