"Maaş almayan futbolçunun komandası birinci yerdə ola bilər?"
"Aleksandr Jidkov heç yerə getməyib. Ola bilsin, sizə yanlış məlumat veriblər".
Bu sözləri Mediasport.az saytına açıqlamasında 1-ci Liqada yarışan "İrəvan" futbol klubunun mətbuat xidmətinin rəhbəri Mübariz Süleymanlı deyib.
Redaksiyamızla əlaqə saxlayan klub rəsmisi qapıçılar üzrə məşqçi Aleksandr Jidkovun "İrəvan"dan ayrılması xəbərinə münasibət bildirib: "Onun klubdan getməsi xəbəri doğru məlumat deyil. Jidkov hal-hazırda komandada fəaliyyətini davam etdirir. Öz işinin başındadır".
M.Süleymanlı "İrəvan"da maliyyə probleminin da olmadığını deyib: "Hər şey qaydasındadır. Heç bir maliyyə problemimiz yoxdur. Komandamız 4 turdan sonra turnir cədvəlinin lideridir. Sizcə, maaş almayan futbolçunun komandası birinci yerdə ola bilər? Hər kəs vaxtında əmək haqqını alır".
Qeyd edək ki, ötən gün 1 ay əvvəl ölkəmizə gələn Azərbaycan yığmasının keçmiş qapıçısı Aleksandr Jidkovun "İrəvan"dan maaş səbəbinə görə ayrılması xəbəri daxil olmuşdu.
Nazim Süleymanovun baş məşqçisi olduğu "İrəvan" 4 turdan sonra 10 xalla turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.