Maqsud Adıgözəlovun İLGİNC METODU: "Sabah"da futbolçulara təzyiq göstərir - YENİ QALMAQAL
"Sabah" klubunun daxilində daha bir qalmaqal, peşəkarlığa yaraşmayan hal baş verib. Xoşagəlməz olayın səbəbkarı yenə rəhbər şəxs - konkretləşdirsək, Masazır klubunun prezidenti Maqsud Adıgözəlovdur.
Mediasport.az saytına verilən məlumata görə, ötən mövsüm baş məşqçi Murad Musayevlə qalmaqal yaşayan klub rəhbəri 2 futbolçuya təzyiq göstərməyə başlayıb.
Adıgözəlovun qəribə idarəçilik metodunun "qurbanları" qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ceyhun Nuiryev olub.
Məsələ burasındadır ki, komandanın bossu yayda müqaviləsi başa çatacaq hər iki futbolçunu yeni anlaşma imzalamağa məcbur edib. Perspektiv və milli karyeralarını nəzərə alan futbolçular Adıgözəlovun tələbi ilə razılaşmayınca əvəzedici heyətə göndəriliblər.
Ən qəribəsi də odur ki, bu addım mili komandaların seçmə mərhələ oyunları ilə ilə əlaqədar yaranan fasilədə yoldaşlıq görüşü keçirən və əsas qapıçısı yığmanın düşərgəsində olduğu bir vaxtda atılıb.
Təsadüfi deyil, "Sabah"ın dünən "Turan Tovuz"la yoxlama matçında qapısını məhz aşağı yaş komandalarından götürdüyü gənclər qoruyublar. Qapıda bir hissə 16 yaşlı Rövşən Əliyev dayanıb, fasilədən sonra isə 14 yaşlı Rauf Əyyubova şans verilib.
Maraqlıdır ki, ötən mövsüm klub rəhbəri ilə yaşanan qalmaqaldan "qalib" çıxan baş məşqçi Murad Musayev bu dəfə gözləmə mövqeyi seçib.