"Masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər hamıda inam var"
"İlk oyunda olduğu kimi, ikinci görüşdə də mübarizə apardıq. Çalışdıq komanda olaraq bir-birimizə dəstək olaq, səhvlərimizi aqressiv şəkildə qarşılamayaq".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin üzvü Fərid Abbasov Çexiya ilə ikinci yoldaşlıq görüşündən sonra deyib.
Yığmanın gənc üzvü sözügedən milli ilə baş tutan hər iki matçı dəyərləndirib:
"Hər iki oyunda məğlub olduq. Burada da əsas səbəb kimi təcrübəsizliyi qeyd edərdim. Təsəvvür edin ki, yeni bina tikilir, gəlmişik tikintidə çalışmağa və heç kim bir-birini tanımır. Komandamızda da bunu yavaş-yavaş yoluna qoyacağıq. Əsas odur ki, masajçıdan tutmuş həkimə, baş məşqçiyə qədər hamıda inam var".
Millidə debüt edən Abbasov buna görə müəyyən qədər həyəcanlı olduğunu da bildirib:
"Ötən il U-19 millimizdə Avropa çempionatının seçmə oyunlarında kapitan kimi iştirak etmişdim. Az da olsa, təcrübə toplamışam. Yeri gəlmişkən, klubda inkişaf etməyimə kömək edən məşqçilərim – Elvin və Teymur müəllimə təşəkkür edirəm. Vitali Borisov da şans verdi. Çalışdım onun etimadını doğruldum".
Ən yaxşı oyunçu seçilən, məhsuldar ötürmə müəllifi olan Fərid qarşılaşmalarda sona qədər mübarizə apardıqlarını söyləyib:
"Oyunlar yaxşı mənada yaddaşıma həkk oldu. Mübarizə apardıq. Komandamızın ən gənc üzvü kimi matçın ən yaxşısı seçilməyim uğurlu başlanğıcın cücərtiləridir. İnşallah, rəsmi matçlara qədər daha yaxşı vəziyyətdə olacağıq. Əlbəttə, yenidən Avropa çempionatının final mərhələsində iştirak etmək istəyirik".