Mehmandostun qonaqpərvərliyi... Yaxud biabırçılığın günahı kimdədir?

 Mehmandostun qonaqpərvərliyi... Yaxud biabırçılığın günahı kimdədir?

- Medal barədə konkret say deməyim düzgün çıxmaz. Mümkün qədər çox qızıl medal arzulayırıq.

Konkretləşdirsək, hansı taekvondoçularımızdan qızıl medal gözləyirsiniz?

- Cavad Ağayev, Qaşım Maqomedov və Səyyad Dadaşova ümidlər böyükdür. Onlar bundan əvvəl də dünya çempionatında çıxış ediblər...

Bu, 8-9 ildir kişilərdən ibarət taekvondo yığmamıza baş məşqçilik edən, 2022-ci ildə istefa verib az sonra yenidən millinin "sükanı" arxasına keçən Rza Mehmandostun Bakıda keçirilən dünya çempionatından bir qədər əvvəl verdiyi müsahibədən hissədir. İranlı mütəxəssis Medal barədə konkret say deməsə də, mümkün qədər çox, özü də "qızıl" qazanmaq arzusunda olduqlarını dilə gətirmişdi. Arzu muraddır, arzu gözəl şeydir, arzu...

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi

Sanki birbaşa qonaqpərvər Mehmandostun ürəyindən xəbər verir. Mikayıl Müşfiqin ruhu şad olsun...

Nəticə ürəyinizcədirmi?..

DÇ üçün ölkəmizə 1000-ə yaxın taekvondoçu gəlmişdi. Onlara 13 Azərbaycan təmsilçisi qoşulmuşdu: Kişilərdən Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Fatimə Məcidova (62 kq), Xanoğlan Kərimov (65 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), qadınlardan isə Minayə Əkbərova (46 kq),  Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq) və Fəridə Əzizova (67 kq) əli ətəyindən uzun qaldı.

Qızıl medallar arzulayan Mehmandostun nəinki arzusu suya düşdü, hətta yığma onun sayəsində tarixinin bəlkə də ən biabırçı, bərbad nəticəsini göstərdi: 13 idmançı - 0 medal!

Hörmətli, qonaqpərvər Mehmandost, 933 idmançı qəbul etdiz, yol saldız, vəssalam. Dincəldiz? İndisə növbəti qonaqpərvərliyinizi gedib İranda göstərin!

Əminik ki, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyindən kimsə bu fiaskonun, günahın altına girməyəcək, heç biri səhvini boynuna almayacaq. Hədəfə sizi qoyacaqlar, əmin olun. Buna da layiqsiz. Odur ki, yaxşısı özünüz gedin, üzüsulu gedin.

İstəyirsiz, sizə ipucu da verim. Çox az müddət əvvəl cüdo üzrə yığmamız da dünya çempionatında rüsvay olmuşdu. Onda federasiyanın baş katibi Rəşad Rəsullu özlərindən başqa hamıda günah görmüşdü. Az qalırdı ki, uğursuzluqda "parkovşikləri", xadimələri günahkar çıxarsınlar. Baxın, dedim ha...


mediasport.az