Məmmədov ÇL-də iş başında olacaq
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.
MediaSport.az xəbər verir ki, qurum rəsmisi Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.
E.Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilati işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.
İyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.