"Mən gələndə komandanın fiziki durumu sıfır səviyyəsində idi"
"Kəpəz" Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində səfərdə "Sabah"a böyük hesabla (0:5) məğlub olub.
MediaSport.az xəbər verir ki, qarşılaşma barədə danışan Gəncə təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov komandada problemlərin, görüləcək işlərin çox olduğunu deyib.
- Böyükhesablı məğlubiyyət xoş deyil. Amma futbolda baş verən hadisələr var ki, biz ondan sığortalanmamışıq. Komanda oyuna pis başlamadı. Kantariyanın olmaması bizim üçün orta xətdə böyük problem yaradır. Üç oyun yaxşı oynayıb, bir oyunda pis oynamaq təsadüf deyil. Görüləcək işimiz var. Futbolçular bu gün çox əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq fərdi səhvlərin ucbatından buraxdığımız qollar bizi məğlubiyyətə apardı. Bu məğlubiyyətin səbəbkarı mənəm. Heç bir futbolçunun günahı yoxdur. Həyat davam edir, qarşıda 27 tur var. Ayın 16-sı bizi "Neftçi" ilə ağır qarşılaşma gözləyir. Səhvləri minimuma endirməliyik.
Özünüz Azərbaycanın ən yaxşı müdafiəçilərindən olmusuz. "Kəpəz"in çempionatda ən çox qol buraxan komanda olması ironiya deyil?
- Heç kimi günahlandırmaq istəmirəm. Bəli, müdafiədə çox böyük boşluqlar var. Zaman lazımdır. Biz gələndə fiziki durum sıfır səviyyəsində idi. Sonrakı mərhələdə bunu yavaş-yavaş düzəltdik. Komanda müdafiə olunmağı bacarmır. Söhbət tək dörd müdafiəçidən getmir. Hücumda da çoxluq yarada bilmirik. Bunun üçün individual keyfiyyətləri olan futbolçular lazımdır. Qışda yeni nəfəs olmalıdır. Mövqelərdə olan boşluqlar doldurulandan sonra daha stabil oyun göstərə bilərik. Birdən-birə nəyisə dəyişmək olmur. Komandanın potensialının sıfıra bərabər olduğunu da demək düzgün deyil. Son üç oyun hamımıza ümid vermişdi. Buraxdığımız ilk üç qol mənim üçün də ağırdır. İstəmərəm ki, müdafiəçilər o cür səhv etsin. Amma komanda oyununda səhvlər qaçılmazdır.
Kifayət qədər hücumlarınız oldu, amma qapıya zərbə ilə yekunlaşmadı. Bunu nə ilə bağlayırsız?
- Bizim məşqləri izləsəz, görərsiz ki, ən çox zərbələri işləyirik. Azərbaycan futbolunda bircə Kadi Borges bu işi icra edir. Oyuna girəndə futbolçulara rəqibin zəif cəhətini deyirik. Demək ki, görüləcək işimiz hələ çoxdur. Çox qol buraxıb, az qol vururuq. Birinci hücumu düzəldək, yoxsa, müdafiəni? Problem buradan çıxır. Futbolçuları qınamıram. Sağolsun Yaşar müəllim, heyəti qurub, yaxşı futbolçular var. Bunlar hamısı keçmişdə qaldı. Bu gün ümumi oyun forması üçün zaman lazımdır. Müdafiədə bu səhvlər olmamalıdır. Hücumda daha aqressiv olmalıyıq. Bunu həyata keçirmədən hansı futbolçuya deyim ki, niyə zərbə vurmadın? Futbolçu özü mövqeyini yaradıb qol vurmalıdır. Kadi Borgesə heç kim demir ki, rəqibi keçən kimi qapıya vur. Epizod yarananda istifadə edir. Zərbə yoxdursa, futbolçuların özünə inami yoxdur bəlkə də. Əsas məsələ komanda oyununu qurmaqdır. Ondan sonra digər məsələlər də həllini tapacaq.