"Meydançanın vəziyyəti sıfır idi, sanki betonun üstündə oynayırdıq"
"Çoxdandı qələbə qazana bilmirdik, çempionatda işlərimiz yaxşı getmirdi. Ona görə birinci divizion klubu olmasına baxmayaraq, oyuna çox ciddi hazırlaşmışdıq".
Bu sözləri mediasport.az saytına açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli futbolçu kubokun 1/8 finalının MOİK-lə görüşü haqda danışarkən stadionun ot örtüyünün bərbad vəziyyətdə, futbol oynanılmaz halda olduğunu deyib.
32 yaşlı yarımmüdafiəçi 4:0 hesablı qələbənin onlara asan başa gəlmədiyini bildirib: "Bu qələbəyə çox ehtiyacımız var idi. Böyükhesablı nəticə olmasına baxmayaraq, matç rahat keçmədi. Stadionun da rolunu xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda o qədər yaxşı stadion ola-ola bilmirəm, necə bura oyun salmaq olar axı? Meydançanın vəziyyəti sıfır idi, sanki betonun üstündə oynayırdıq. Ümumiyyətlə, belə arenada futbol oynamaq doğru deyil".
Bu qələbənin qarşıdakı oyunlarda da yaxşı nəticə qazanmaq üçün "Səbail"ə əlavə ruh yüksəkliyi verəcəyini düşünən Rahid növbəti mərhələdə rəqib olacağı şübhə doğurmayan "Sabah"a qarşı, həmçinin digər oyunlarda var gücləri ilə mübarizə aparacaqlarını diqqətə çatdırıb:
- İnanıram ki, bu qələbədən sonra daha yaxşı çıxış edəcəyik. Möcüzə baş verməsə, 1/4 finalda rəqibimiz olacaq "Sabah" bu mövsüm çox yaxşı çıxış edir, Premyer Liqada çempionluq uğrunda mübarizə aparırlar. Bizi qarşıda çətin qarşılaşmalar gözləyir. Lakin kubok oyunları fərqlidir, hər şey ola bilər. Bizə düşən ən yüksək səviyyədə hazırlaşıb kubokda mümkün qədər irəli getməkdir. Çempionatın oyunlarında da qələbə qazanıb vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq.
"Səbail"in Azərbaycan Kubokunun 1/4 finalındakı rəqibi bu gün keçiriləcək "Sabah" - Qaradağ Lökbatan" matçından sonra məlum olacaq.