Milli Olimpiya Komitəsində Nikonorovla görüş keçirilib

Milli Olimpiya Komitəsində Nikonorovla görüş keçirilib

Milli Olimpiya Komitəsində (MOK) Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin və BKF-nin təşkilatçılığı ilə Milli İdman Sistemlərinin İnkişafı layihəsi çərçivəsində Böyük Britaniyadan Azərbaycana səfər edən avarçəkmə üzrə xarici ekspert Aleksandr Nikonorovla görüş keçirilib.

Mediasport.az xəbər verir ki, görüşdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə, xüsusilə də Mingəçevirdə avarçəkmənin inkişafı üçün baza olduğunu qeyd edib.

Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlər arasında mövcud idman qurğularının bərpasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən Ç.Hüseynzadə bu gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin beynəlxalq standartlara cavab verdiyini bildirib.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov ölkəmizdə avarçəkmə idman növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. O, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar arasında avarçəkənimiz Diana Dımçenkonun da yer aldığını qürurla qeyd edib.

Son illər Suqovuşanda və Mingəçevirdə beynəlxalq yarışların uğurla təşkil olunduğunu bildirən V.Əhmədov gələcəkdə Lənkəranda və Qazaxda avarçəkmə idman növünün inkişafı üçün şərait yaradılacağını diqqətə çatdırıb.

MOK-un baş katibi Azər Əliyev son illərdə avarçəkmə idman növünə böyük marağın olduğunu bildirib. Mingəçevirdə təbii infrastrukturun formalaşdığını deyən baş katib burada avarçəkmə idman növünün inkişafı üçün mövcud imkanların olduğunu vurğulayıb.

Azər Əliyev onu da diqqətə çatdırıb ki, avarçəkmə təkcə Mingəçevirdə deyil, respublikamızın digər bölgələrində də inkişaf etdirilir. O, bu cür mütəxəssislərin Azərbaycana səfərinin və yerli məşqçilərlə görüşünün ölkədə avarçəkmə idman növünün inkişafına təkan verəcəyini deyib.

Azərbaycanda olmaqdan məmnun olduğunu deyən Aleksandr Nikonorov karyerası ərzində bir sıra yığmaların heyətində məşqçi kimi çalışdığını, əsas uğurlarını İngiltərədə qazandığını bildirib.

Bu idman növünün müasirləşməyə doğru addım atdığını vurğulayan mütəxəssis bunun üçün məşqçilərlə görüşlərin əhəmiyyətindən danışıb.

Dünyada bu idman növü üzrə böyük rəqabətin hökm sürdüyünü diqqətə çatdıran mütəxəssis burada yerli məşqçilərlə görüşüb, onlarla təcrübə mübadiləsi aparmaq istədiklərini də deyib.