“Qarabağ” “Neftçi”nin 30 il əvvəlki rekordunu təkrarladı
"Qarabağ" Premyer Liqanın startından ardıcıl 12-ci qələbəsini qazanıb.
mediasport.az xəbər verir ki, Ağdam klubu XIII turda “Kəpəz”i 3:1 hesabı ilə məğlub edib.
Bir matçı təxirə salınan Qurban Qurbanovun yetirmələri xal itirmədən irəliləyir. Bu, Azərbaycan çempionatları tarixinin startdakı ən uğurlu seriyasının təkrarıdır. “Qarabağ” “Neftçi”nin 30 il əvvəl imza atdığı rekordu təkrarlayıb. Bakılılar 1992-ci ildə keçirilən ilk ölkə çempionatına ardıcıl 12 qələbə ilə başlayıb və yalınız 13-cü matçında bunu bacarmayıb. Ağdamlılar təkrarladığı 30 illik rekordu noyabrın 9-da yeniləyə bilər. Bunun üçün “Qarabağ” təxirə salınan görüşdə “Turan Tovuz”a qalib gəlməlidir.
Bu, ötən mövsümü ardıcıl üç qələbə ilə tamamlayan Qurbanovun yetirmələrinin ardıcıl 15-ci qalibiyyəti olub. Ağdamlılar sonuncu dəfə ötən mövsümün XXV turunda xal itirib. Bu il mayın 5-də “Zirə” ilə qolsuz heç-heçədən sonra baş tutan bütün matçlarda üç xal qazanan Ağdam klubu öz tarixinin rekordunu təkrarlayıb. Komanda 2019-cu ildə də ardıcıl 15 dəfə qalib gəlib.
“Qarabağ” bununla da məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. 2021-ci il oktyabrın 25-də səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan Qurbanovun komandası ötən mövsümün son 20 matçında məğlub olmayıb. Bu görüşlərdə ağdamlılar 16 qələbə qazanıb və 4 heç-heçə edib. Cari çempionata 12 qələbə ilə başlayan “Qarabağ” üçün “Kəpəz”lə qarşılaşma məğlubiyyətsiz 32-ci görüş olub. Bununla da Ağdam klubu Azərbaycan çempionatlarının mütləq rekorduna imza atıb. 2018-19-cu illərdə ardıcıl 31 oyunda uduzmayan bölgə təmsilçisi üç ildən sonra özünün sahibi olduğu rekordu yeniləyib.