“İngiltərədən xal almağı kim istəməz?” - Millimizin baş məşqçisi
21 yaşadək (U-21) futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 22-də İngiltərə, 26-da isə Ukrayna yığmasını qəbul edəcək.
Mediasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Samir Əliyev rəsmi matçlar ərəfəsində “Report”a müsahibə verib, komandanın hazırkı durumunu dəyərləndirib, qarşıya qoyulan hədəflərdən danışıb.
Bu gündən toplanışa başlayacaqsınız. Qrupun favoritləri ilə matçlarda nəyə ümid edirsiz?
- Güclü rəqiblərə qarşı oynayacağıq. Bizi düşündürən əsas məsələ futbolçuların düşərgəyə hansı vəziyyətdə qoşulmalarıdır. Bu məqam bir az narahat edir. Son oyununda zədələnən Veysəl Rzayevdən başqa itkimiz yoxdur. O, Premyer Liqada müntəzəm çıxış edən azsaylı oyunçularımızdan biridir. Rzayevin yoxluğu istər-istəməz təsir edəcək. İnanıram ki, Veysəlin yerinə çıxacaq futbolçu onu layiqincə əvəz edəcək.
Əsas millinin bəzi üzvləri bu dəfə U-21-ə çağırılıblar. Razısız ki, onlar işinizi bir qədər asanlaşdıracaqlar?
- Bəli, Nəriman Axundzadə, Emil Səfərov və Cəlal Hüseynov U-21-in heyətində yer alacaqlar. Əslində onlar bizim futbolçulardır, gənclər yığmasından əsas komandaya yollanmşdılar. Məncə, hər üçünün bizə köməyi dəyəcək. Cəlal Bolqarıstan çempionatında, Nəriman “Qarabağ”da tez-tez meydanda olur, Emil də “Qəbələ”nin əsas heyət üzvüdür. Onların iştirakı əlimizi gücləndirəcək. Çünki əksər futbolçularımız I Liqada və əvəzedicilərin çempionatında çıxış edirlər. Güclü rəqiblər önündə belə hazır oyunçular bizə lazım idi.
Öncəki toplanışla müqayisədə edilən dəyişikliklər ürəyinizcədir?
- Komandada yeni uşaqlar var. Ukrayna ilə səfər oyununa (0:1) dəvət alanlardan bəziləri indi çağırılmayıblar. Aradan 4 ay vaxt keçib. Sonuncu dəfə ötən ilin noyabrında çıxış etmişik. Bu müddət ərzində oyunçuları müntəzəm izləyirdik. Təəssüf ki, bəzi futbolçular işlərinə laqeyd yanaşırlar. Formadan uzaq olduqları üçün çağırılmayıblar.
İngiltərə yığmasının heyətində “Mançester Siti”, “Liverpul” kimi nəhəng klubların futbolçuları yer alıblar. Bu sizi qorxutmur?
- Qorxulu heç nə yoxdur. Hər bir rəqibə qarşı oynamaq mümkündür. Əlbəttə ki, ustalıq səviyyəmiz onlar qədər deyil. Bu baxımdan geri qalsaq da, meydana çıxıb mübarizə aparacağıq. Yüksək səviyyədə ustalığa malik olmasan da, əzmkarlıq, mübarizlik vacibdir.
Hər iki oyun evdə keçiriləcəyindən, səfər yorğunluğu olmayacaq. Bu amil komandaya üstünlük qazandıra bilər?
- Futbol elə səviyyəyə çatıb ki, səfər, yorğunluq çox xırda problemlərdir. Yenə də müəyyən üstünlük ola bilər.
Qrupda qarşıya qoyulan konkret hədəf var?
- Qarşımıza konkret hədəf qoyulmayıb. Rəqiblər bəlli, səviyyələri göz önündədir. Məqsədimiz futbolçuları heyətə cəlb etmək, onların ustalıq səviyyəsini artırıb əsas yığmaya qazandırmaqdır. İndi ən vacib tələb budur. Nəriman Axundzadə, Emil Səfərov, Cəlal Hüseynov kimi oyunçuların əsas yığmaya çağırılmaları bizi sevindirir. Rza Cəfərov da artıq əsas millidədir. Seçmə mərhələnin sonunda bu heyətdən daha 2-3 nəfər əsas komandaya dəvət alsa, bu özü də bir uğur olar.
İngiltərə və Ukrayna yığmaları “Azərsun Arena”dakı oyunun aşkar favoritləridir. Onlardan 1 xal alsaz, bunu uğurlu nəticə sayacaqsız?
- Hər oyunda hədəf maksimum gücümüzlə mübarizə aparmaq, həm yaxşı oyun sərgiləmək, həm də bacardığımız qədər xal qazanmaqdır. Ancaq reallığı da nəzərə almaq lazımdır. Bir az çətinliklərimiz var. Əsas istəyimiz qarşıdakı iki görüşdə layiqli mübarizə aparmaqdır. İngiltərədən xal almağı kim istəməz? Belə olarsa, futbolçularımıza da maraq artar. Ukrayna da həmçinin. Hər ikisi qrupun liderləridir.