Milli komandamızın məşqçisi səbəbsiz yerə işdən çıxarılıb?

Milli komandamızın məşqçisi səbəbsiz yerə işdən çıxarılıb?

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov tutduğu vəzifədən azad edilib.

Azərbaycan Cüdo Federasiyası mütəxəssislə yolların ayrılmasına dair açıqlama yayıb, səbəb göstərilməyib.

Press-relizdə yalnız o qeyd olunub ki, Mehman Əzizovla əməkdaşlığın davam etdirilməməsi qərara alınıb və onunla müqaviləyə xitam verilib.

Əvəzində Rüstəm Alimli böyüklərdən ibarət milliyə məşqçi təyin edilib. O, həm də yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Mehman Əzizli isə "qafqazinfo"ya açıqlamasında deyib ki, ona heç bir səbəb göstərilmədən işdən çıxarılıb: “Gəlib dedilər ki, işdən azad olunursuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.

“Sizin müqaviləniz yox idi?” sualına isə M.Əzizov belə cavab verib: “Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.

Mediasport.az məsələni dəqiqləşdirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxlasa da, suala cavab verən olmayıb.