De Blekere "Neftçi"nin oyunundakı mübahisəli vəziyyətə şərh verdi
"Neftçi"nin oyunçusu Kilan Lebon meydanın özlərinə aid hissəsində "Sumqayıt"ın futbolçusu Roy Kehatın formasını tutur. Tutma anında "Sumqayıt"ın futbolçusu "Neftçi"nin üç oyunçusunun əhatəsindədir".
Mediasport.az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının 8-cu turunun "Neftçi" - "Sumqayıt" (1:1) mübahisəli epizodları şərh edərkən söyləyib.
O, 55-ci dəqiqədə cərəyan edən həmin epizod barədə fikirlərinə bunları da əlavə edib:
"Nəticədə, perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. "Neftçi"nin oyunçuları yaxınlıqda olmasaydılar, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi".
Federasiya rəsmisi 63-cü dəqiqədə Yuri Matiasla Roy Kehat arasında baş verənlərə də aydınlıq gətirib:
"Həmin epizodda cərimə meydançasının içində "Neftçi"nin oyunçusu Yuri Matias ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində "Sumqayıt"ın hücumçusu Roy Kehat ilə (futbol təması) yüngül kontakt yaranır, hücumçunu yıxır. Çox önəmli texniki kriteriya müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi".