Ölkə çempionatı yekunlaşdı
U-23 qadınlar və kişilər arasında cüdo Azərbaycan çempionatına yekun vurulub.
MediaSport.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər müəyyənləşib.
İki gün ərzində ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 52 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 192 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın ikinci günündə kişilər arasında -66 kq., -81 kq. və -100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq. və -63 kq. çəki dərəcələrində mükafatçılar bəlli olub.
Fərdi yarışların son nəticəsinə görə, ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Neftçi İdman Klubu, 2-ci yerə Atilla İdman Klubu İdman Birliyi, 3-cü yerə isə Gömrükçü İdman Sağlamlıq Mərkəzi layiq görülüb. 22 komanda müxtəlif əyarlı medal qazanıb.
Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.