"Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar, düz yoldayıq"
"Mən bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi".
Mediasport.az xəbər verir ki, bu sözləri FİBA Avropa Kubokunda müntəzəm çempionata yüksələn "Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev deyib.
Azərbaycan çempionu 18 illik fasilədən sonra qatıldığı avrokuboklarda təsnifat mərhələsinin hər 3 görüşünü qalib başa vurmaqla qrup lideri kimi müntəzəm mövsümdə iştirak hüququna yiyələnib.
51 yaşlı şimali makedoniyalı mütəxəssis təəssüratlarını bölüşüb:
"Praktiki olaraq yaxşı çıxış etdik. Düzünü desəm, biz bura minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da, bu oyun qrupda keçirdiyimiz ən yaxşı qarşılaşma idi. Oyunçular əsl döyüşçü kimi mübarizə apardılar. Biz düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var. Bakıda keçirəcəyimiz avrokubok oyunlarında tribunaları dolu görmək istəyirik".
"Sabah" A qrupunda son olaraq Rumıniyanın “Rapid” klubunu məğlub edib - 90:71. Təmsilçimiz bunadək Niderlandın "Donar" (75:72) Şimali Makedoniyanın “Rabotniçki” (83:81) klublarından güclü olub.
Komandamız müntəzəm mövsümün D qrupunda "Mornar" (Monteneqro), "Bağçaşəhər" (Türkiyə) və "Nimbruk" (Çex Respublikası) klubları ilə qarşılaşacaq.
İlk oyunumuz oktyabrın 18-i səfərdə "Mornar"a qarşı olacaq.