PFL-in prezidenti Azərbaycana qayıdır? - Qurumdan AÇIQLAMA

PFL-in prezidenti Azərbaycana qayıdır? - Qurumdan AÇIQLAMA

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov növbəti ayın əvvəlində Azərbaycana dönə bilər.

Bu haqda Mediasport.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyədə 3 əməliyyat keçirən PFL rəhbəri reabilitasiya prosesinin qalan hissəsini Bakıda keçirəcək. Onun səhhəti ilə bağlı yenidən Türkiyədə qayıdıb-qayıtmayacağına sonra qərar veriləcək.

Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev gündə 2 dəfə oturaq vəziyyətdə reabilitasiyasını davam etdirir. Həkimlər onun yavaş-yavaş ayaqlanması üçün səy göstərirlər.

Media və marketinq direktoru Sənan Abdullayev, həmçinin texniki-idman direktoru Elgiz Abbasov artıq iş başındadırlar. Həkim hər ikisinə qoltuq ağacı olmadan gəzməyə icazə verib. Ancaq yaxın üç ay ərzində sınıq olan ayağın yüklənməməsi tapşırılıb.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.