Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi - ÇL-də püşk atıldı
İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/2024-cü illər mövsümünün püşkü atılıb.
MediaSport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edəcək "Araz-Naxçıvan"ın rəqibləri müəyyənləşib.
Mübarizəyə ilkin mərhələdən başlayacaq ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə "A" qrupunda mübarizə aparacaq.
Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.
Əsas mərhələnin də püşkü atılıb. “Araz-Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri Plzen (Çexiya), Futsal Gentofte (Danimarka) və ilkin mərhələnin H qrupunun Radnik Bijeljina (Bosniya və Herseqovina), Tirana (Albaniya), Cefn Druids (Uels) və Sparta Belfast (Şimali İrlandiya) qalibi ilə üz-üzə gələcək. Əgər təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda "Futzal Dinamo" (Xorvatiya), eləcə də ilkin mərhələnin "B" ("Erebru" (İsveç), "Diamant Linz" (Avstriya), "Amiqo Nortvest" (Bolqarıstan), "ASA Təl-Əviv Ouls" (İsrail), və "C" ("Eyndhoven" (Niderland), "Titoqrad" (Monteneqro), "Corcians" (Gürcüstan) və "Avropa" (Cəbəllütariq) qruplarının qalibləri ilə üz-üzə gələcək.