"Qarabağ" "Monako", "Çelsi", "Tottenhem" və "Qalatasaray"ı qabaqlayıb - Yeni dünya reytinqi

 "Qarabağ" "Monako", "Çelsi", "Tottenhem" və "Qalatasaray"ı qabaqlayıb - Yeni dünya reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Mediasport.az xəbər verir ki, 414 komanda arasında Azərbaycandan "Qarabağ", "Sabah" və "Neftçi" yer alıb.

Siyahıda 61-ci olan Azərbaycan çempionu "Qarabağ" ötən ayla müqayisədə 3 pillə irəliləyib. Ağdam təmsilçisinin hesabında 144,5 xal var.

Qurban Qurbanovun komandası bu göstərici ilə Avropa nəhənglərindən "Monako", "Çelsi", "Tottenhem", "Atletiko", "Ayaks" və "Qalatasaray" kimi klubları qabaqlayır.

Ötənaykı siyahıda 286-cı pillədə qərarlaşan "Sabah" 16 pillə geriləyib. Masazır klubu 63,5 xalla 302-ci yerdə qərarlaşıb.

Aktivində 61,75 xal olan "Neftçi" isə 7 addım geri düşərək 318-ci sirada dayanıb.

Dünya reytinqinə 304 xalla "Mançester Siti" başçılıq edir.

Yeri gəlmişkən, "atlılar" dünyanın ilk “100-lüy”ünə düşən yeganə postsovet məkanı klubudur. "Qarabağ"ın izləyicisi olan Ukraynanın “Şaxtyor” (Donetsk) komandası 78-ci yerdən 106-cı pilləyə düşüb. Azərbaycanın siyahıdakı digər komandalarından “Sabah” postsovet məkanında 13-cü, “Neftçi” isə 17-cidir.


Postsovet məkanı klublarının ilk “10-luğ”u

1 (dünyada 61-ci). “Qarabağ” (Azərbaycan) – 144,5 xal

2 (106). “Şaxtyor” (Donetsk, Ukrayna) – 116

3 (123). “Dnepr-1” (Ukrayna) - 108,25

4 (134). “Şerif” (Moldova) - 104,5

5 (142). “Jalgiris” (Litva) – 100,5

6 (143). “Pünik” (Ermənistan) – 99,5

7 (180). RFS (Latviya) – 85,5

8 (196). “Dinamo” (Kiyev, Ukrayna) – 82,5

9 (198). “Riqa” (Latviya) – 82

10 (205). “Urartu” (Ermənistan) – 80