"Qarabağ" qrupa düşsə, "Liverpul", "Lion", "Atalanta", "Roma", "Bayer"...
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində potensial rəqiblərindən bir neçəsi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi bunun üçün əvvəlcə pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda qəbul edəcəyi "Olimpiya"nı mübarizədən kənarlaşdırmalıdır.
İlk matçı səfərdə 2:0 hesabı ilə qazanan "atlılar" sabah Bakıda Sloveniya çempionunun sürpriz etməsinə imkan verməsələr, AL-in qrup mərhələsində Avstriyanın "Şturm", İngiltərənin "Brayton", "Liverpul", "Vest Hem", İspaniyanın "Betis", "Vilyarreal", Fransanın "Lion" (Olimpik), "Renn", "Tuluza", İtaliyanın "Atalanta", "Roma", Almaniyanın "Frayburq", "Bayer", Yunanıstanın "Panatinaikos", İsrailin "Makkabi" Hayfa, Norveçin "Mölde", Portuqaliyanın "Sportinq", Serbiyanın "Baçka Topala" və İsveçrənin "Servett" komandaları ilə qarşılaşa bilərlər.
Hələlik məlum olan 19 klubdan əlavə, qalan 13 iştirakçı isə UEFA Çempionlar Liqasının bugünkü və UEFA Avropa Liqasının sabahkı cavab matçlarından sonra rəsmiləşəcək.
Qrup mərhələsinin püşkatma mərasimi sentyabrın 1-də Monakoda keçiriləcək.