"Qarabağ"a düşünmədiyimiz penaltiyə görə məğlub olduq"
Mediasport.az “Kəpəz” futbolçusu Əli Səmədovun klubun saytına müsahibəsini təqdim edir:
Əli, “Qarabağ” ilə oyun haqqında nə deyə bilərsən?
- Görüşə yaxşı hazırlaşmışdıq. Baş məşqçi Adil Şükürov bizi qarşılaşmaya kökləyə bilmişdi. Məğlubiyyəti düşünmürdük, meydandan ən azı bir xalla ayrılmağı planlaşdırmışdıq. Az qala buna da nail olacaqdıq. Komanda olaraq yaxşı oynadıq, mübarizə apardıq. Hətta qalib də gələ bilərdik. Heç düşünmədiyimiz penaltiyə görə məğlub olduq.
Son dövrlər mütəxəssislər komandanın nəticəli oyundan əlavə baxımlı futbol nümayiş etdirdiyini bildirirlər. “Kəpəz”in rəqibləri ilə başa-baş mübarizə apardığı qeyd olunur...
- Doğrudan da, oyunumuzla digər klublardan çəkinmədiyimizi ortaya qoymuşuq. Komandanın məşqçilər korpusu, Adil Şükürov və klub rəhbərliyi daha yaxşı çıxış etməyimiz üçün əlindən gələni edir. Şəraitimiz əladır, məşq meydanları, baza oyunlara yaxşı hazırlaşmağımız üçün uyğun səviyyədədir. Heyətimizdə bacarıqlı futbolçular var. Büdcəmiz az olsa da, digər komandalarla rəqabət apara biləcək oyunçulara sahibik. Çempionatın əvvəlində uşaqların bir-birinə uyğunlaşması üçün vaxta ehtiyac vardı. Yeni baş məşqçimizin də köməyi ilə komanda toparlandı. İndi daha baxımlı, həm də ümidverici oynayırıq.
Baş məşqçiyə azarkeşlərlə yanaşı, futbolçuların da böyük inam göstərdiyi hiss olunur. Komandanın içində olan birisi kimi sənin düşüncələrin necədir?
- Məşqçimizin hamı ilə münasibəti əladır, bizimlə mehriban davranır. Komandada hər bir futbolçuya dəyər verir, istər yerli olsun, istər əcnəbi. Təcrübəlilər ilə gənclər arasında fərq qoymur, yanaşma tərzi, hamıya münasibəti eynidir. Oynayana, oynamayana eyni gözlə baxır. Bu da bizi sevindirir. Şəxsən mənim özümə çox dəstək olur, bizimlə həm də fərdi danışır. Hamı da istəyir ki, bu davranışların qarşısında bütün bacarığını ortaya qoyub komandaya kömək eləsin.
Deyilənə görə məşqlər o qədər maraqlı keçir ki, sən özün belə dəftərçəndə nələrisə qeyd edirsən...
- Düzdü (gülür). Məşqlər bizə çox maraqlı gəlir, əsasən də fiziki yükləmələr. Ona görə də özümdə bəzi qeydləri aparıram. Gələcəkdə məşqçi işləmək istəyirəm. Öyrəndiklərimin mənə çox xeyri olacaq.
Komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Bu yolda hamı birləşib. Amma kimlərsə sanki kənardan mehriban olmağa qarşı çıxır. Sənə də elə gəlir?
- Açığı, mən bəzi şeylərə bəzən bir gəncəli, bir futbol azarkeşi kimi də yanaşıram. Əsil azarkeşlərə səslənib deyirəm ki, bizi heç bir söz-söhbət fikrimizdən, məqsədimizdən yayındıra bilməz. “Kəpəz”də hamının bir-birinə qarşı yüksək formada, səmimi münasibəti var. Bizi sevən, hər addımda dəstək göstərən klub rəhbərliyi daim arxamızdadır. Onlar komanda üçün nə lazımdırsa, onu edirlər. Həmişə bizimlə maraqlanırlar. Sponsorsuz komandayıq. Amma mübarizliyimiz, mehribanlığımız ən yüksək səviyyədədir. Əslində kənardakıların nə dediklərinə fikir vermirik. Bütün diqqətimiz elitada qalmağa yönəlib. Bu məqsəd uğrunda birləşmişik. Sözümüz də birdir, yumruğu da bir yerə vururuq.
Peşəkar karyeranın böyük hissəsini “Kəpəz”də keçirmisən. Qısa alınan “Şamaxı” dövrünü nəzərə almasaq, elə Gəncədə oynamısan. Start heyətində yerini itirsən də rəqabətdən qopmayıbsan. Əvvəlki Əlini azarkeşlər nə vaxt görəcəklər? Səni nə geri saldı?
- Mən hələ Şahin Diniyevin vaxtından, lap gənc yaşlarımdan əsas komandada yer almışam. Komandamız divizionda oynayanda da heyətdə oldum. “Kəpəz” yenidən elitaya çıxanda, bu, mənim üçün bir təkan oldu. Ötən mövsüm karyeram üçün yaxşı da başlamışdı. Yüksəlişə doğru gedirdim. Məşqçilər korpusunda dəyişiklik olandan bir müddət sonra heç bir səbəb göstərilmədən əvəzedici heyətə göndərildim. Bu da karyeramda enişə səbəb oldu. Hazırda da toparlanmaq çətindir. Kənardan asan görünə bilər. Amma futbolçu üçün psixoloji olaraq hazırlanmaq müəyyən vaxt tələb edir. Oynaya-oynaya dubla göndərilməyim mənim üçün qaranlıq qaldı. Rauf Əliyev, Əfran İsmayılov, Elvin Yunuszadə də mənim kimi əvəzedicidə oynadı. Onların hər birinin böyük karyerası, çəkisi var. Bilmirəm niyə belə addım atıldı. Nə etmək istəyirdilər anlaya bilmədik. Sonradan mətbuatda da bu barədə yazılar getdi. Kimsə çıxıb deyirsə, filan məsələ elə olmayıb, yalandı. Mən komandanın içində olmuşam, baş verənlərdən xəbərdaram.
Gəncə Futbol Akademiyası da artıq hazırdır. Yerli futbol məktəbinin yetirməsi kimi akademiyanın fəaliyyətə başlaması yəqin ki, səni daha çox sevindirir. Bu, Gəncə futboluna nə verəcək?
- Əlbəttə, hamımız uzun müddət bu akademiyanın həsrəti ilə yaşamışıq. Gəncədən olan uşaqlar digər klubların akademiyalarına yollanıblar. İndi vəziyyət dəyişir, heç kim öz doğma şəhərini tərk etmək istəməyəcək. Akademiyanın olması yaxşıdı. Gəncə əvvəlki kimi Azərbaycan futboluna istedadlar bəxş edəcək.