Qazaxıstanda 12 boksçumuz yarımfinala vəsiqə qazandı
Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə Azərbaycanın daha bir neçə idmançısı yarımfinala yüksəlib.
mediasport.az xəbər verir ki, ümumilikdə 12 boksçumuz bu mərhələdə iştirak hüququ qazanıb.
Boksçulardan Məsud Yusifzadə (54) 1/4 final çərçivəsində yerli Kaysar Nurəlimbayla qarşılaşıb. Rəqibini məğlub edən idmançı növbəti döyüşündə kambocalı Sukti Novla üz-üzə gələcək.
Tayfur Əliyev (60 kq) Ersendir Muradxanovla (Qazaxıstan) gücünü yoxlayıb. 1/4 finalda qalib gələn Avropa Oyunlarının mükafatçısı finala gedən yolda digər qazaxıstanlı Ruslan Kuzembayevlə münasibətinə aydınlıq gətirəcək.
63,5 kq çəkidə rinqə çıxan Malik Həsənov da 1/4 final mərhələsindəki görüşünü aktivinə yazıb. O, Maqjan Alimov (Qazaxıstan) üzərində qələbə qazanıb. Həsənov yarımfinalda Vasili Samçuku sınağa çəkəcək.
Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovu mübarizədən kənarlaşdırıb. Gəncə boksunun yetirməsi final üçün Abılay Smanla (Qazaxıstan) döyüşəcək.
Yığma üzvü Mirşərif Kazımzadənin (75 kq) də 1/4 final döyüşü uğurlu alınıb. Sürağan Erjanı (Qazaxıstan) məğlub edən boksçu yarımfinalda onun komanda yoldaşı Beybaris Sıdınla üz-üzə gələcək.
80 kq çəkidə millinin lideri Murad Allahverdiyev də adını yarımfinala yazdırıb. O, 1/4 finalda yerli Fanibet Samixan üzərində tam üstünlüklə qalib gəlib. Allahverdiyev növbəti qarşılaşmasında Erkebulan Ekimbayla (Qazaxıstan) görüşəcək.
Digər boksçulardan Həsən Məlikov Usmonjon Merzoyevlə (Tacikistan), Tural Sarıyev (hər iksi 48 kq) Jenşi Ulpatovla (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romero (Kuba) ilə, Məhəmməd Abdullayev (+92 kq) Məhəmməd Abroridinovla (Tacikistan) qarşılaşacaq. 71 kq çəkidəki Rəşid Həsənovla Sərxan Əliyev qüvvəsini sınayacaq.