Avropa çempionatı: Azərbaycanlı boksçular yarımfinala yüksəldilər
Bolqarıstanda keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatının 1/4 final mərhələsinin görüşləri davam edir
Mediasport.az xəbər verir ki, yarımfinala gedən yolda yığmamızın 3 idmançısı qələbə qazanıb.
Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.
Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gəlib və bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.
Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb - 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər.