"Qəbələ” rəsmisi Avropa Klublar Assosiasiyasına təyinat alıb
“Qəbələ”nin baş meneceri Nail Kərimov Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb.
Mediasport.axəz bölgə klubunun rəsmi saytına istinadən xəbər verir ki, N.Kərimov 2023-2027-ci illəri əhatə edən tsikldə ECA-nın namizədliyini verdiyi uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq.
Qrupa Niderland təmsilçisi “Feyenoord”un baş meneceri Dennis de Kloyse rəhbərlik edəcək. Uşaq futbolu üzrə işçi qrupunun əsas missiyaları akademiyaların fəaliyyəti, beynəlxalq turnirlərin təşkili, uşaqların müdafiəsi, ilk peşəkar müqavilə, beynəlxalq hüququn uşaq futboluna təsiri, uşaq-gənclərin, məşqçi və menecerlərin təhsili və başqa məsələlərdir. İşçi qrupu il ərzində keçirdiyi 5-8 iclasla öz fəaliyyətini tənzimləyir. İlk belə toplantı noyabrın 15-də İsveçrənin Cenevrə şəhərində təşkil ediləcək.
Qeyd edək ki, ECA-nın sentyabrda Berlində keçirilən Baş Assambleyasında 50 ölkənin 150 müxtəlif klubunun 430 nümayəndəsi öz namizədliklərini 8 qrup üzrə irəli sürmüşdülər.