"Azərbaycan futbolunda növbəti tarixi yaza biləcəklərini anlayırlar"
"Ayın 1-dən gündə bir dəfə olmaqla toplanışa start vermişik. Şükürlər olsun, hər şey yaxşıdır. Problemlərimiz yoxdur".
Bu sözləri Mediasport.az saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan və İsveçrəyə qarşı hazırlığı haqda məlumat verən mütəxəssis heyətdə itkilərin oldacağını qeyd edib.
Milli komandanın əsas üzvlərindən Aysu Seydiyeva bu görüşləri buraxacaq. 27 yaşlı yarımmüdafiəçi əməliyyat olunub:
"Çox təəssüf ki, o, toplanışda bizimlə ola bilməyəcək. Digər oyunçularla bağlı problemlərimiz yoxdur. Macarıstanla oyunda iki futbolçumuz sarı vərəqə limitini doldurduğu üçün görüşü buraxmalı olacaq. Bu da bizi bir az üzür. Amma şükür, hər şey yaxşı gedir. Düşünürəm ki, 12-nə qədər hazırlığımızı tam şəkildə bitirib mübarizəyə hazır olacağıq".
Təcrübəli məşqçi qarşıdakı iki oyunun çox önəmli olduğunu vurğulayıb:
"Həm macarlarla, həm də isveçrəlilərlə ilk oyunlarımız keçirilib. Macarıstanda rəqibimizdən 1 xal ala bilmişdik. Düzünü desəm, onlar çox yaxşı və keyfiyyətli komandadır. Macarıstan son oyunda İsveçrəni 1:0 məğlub etmişdi. Həm Macarıstan, həm də İsveçrə keyfiyyət baxımdan çox üst səviyyədə olan kollektivdirlər.
Amma biz öncə Bakıda keçirəcəyimiz matça köklənmişik. Yeni qurulan və gənc milli komandayıq. Rəqiblərimizin heyətində keyfiyyətli futbolçuların sayca çox olması, beynəlxalq oyun təcrübələri və Avopanın qadın futbolunda sözünü deyən liqalarında çıxış etmələri onların üstünlüyünü göstərir. Buna baxmayaraq, səfərdən xalla dönmüşüksə, evimizdə xal və ya xallar da qazana bilərik, bunu istəyirik".
S.Əsgərov futbolçularla fərdi söhbətlər apardığını, onlara yeni tarix yaza biləcəklərini izah etdiyini söyləyib:
"Macarıstanla eyni xala sahibik. İsveçrənin xal itirməyəcəyini gözləyirdik, istəməyəcəyimiz bir şey oldu. Düşünmürdük və gözləmirdik ki, onlar İsveçrəni məğlub edərlər. Həmin oyunda qeydə alınan qələbə planlarımızı dəyişmək məcburiyyətində qoydu. Bu, futboldur, hər şey ola bilər. Qızlara hər şeyi izah etmişik. Onlar da evimizdəki matçın mahiyyətini başa düşürlər. Ölkənin qadın futbolunda növbəti tarix yaza biləcəklərini bilirlər. Bunun ayın 12-də meydandan bizə lazım olan hesabla ayrılacağımıza kömək olacağına ümid edirəm".
Xatırladaq ki, millimiz iyulun 12-də "Liv Bona Dea Arena"da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən "Olimpik De La Pontez" stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.