Qrup sonuncusu olan millimizin baş məşqçisi: "Azı 9 xal toplaya bilərdik"
“Oyuna yaxşı başladıq, qol vurmaq üçün epizodlarımız da rəqibdən çox oldu. Niderland millisi 5-6 şansdan 3-nü dəyərləndirdi, biz isə azı 5 dəfə qapı dirəyini nişan aldıq".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis DÇ-2024-ün elit-raund mərhələsinin A qrupu çərçivəsində Niderland millisi ilə səfər matçı barədə düşüncələrini bölüşüb, komandamızın qrupun son görüşündə 0:3 hesablı məğlubiyyətini şərh edib:
"Nəticə qane etməsə də, uşaqlara mübarizəyə görə təşəkkür edirəm. Sona qədər vəziyyəti düzəltmək üçün əllərindən gələni etdilər, çalışdılar, amma alınmadı.
Qrup mərhələsini 4 xalla başa vursaq da, bu, komandamızın real gücünə uyğun nəticə deyil. Azı 9 xal toplaya bilərdik. Oyunlar oldu ki, hesabda 2 top fərqi ilə önə keçdik, lakin üstünlüyümüzü qoruya bilmədik. Bəzi matçlara isə tam heyətlə çıxa bilmədik, kimisi zədə, kimisi də cəza üzündən komandaya kömək edə bilmədi.
Gələcək oyunlar üçün heyətə yeni oyunçular dəvət edəcəyik. Çox işləməliyik. Demək olar, yeni komanda qururuq”.
Qeyd edək ki, futzalçılarımız A qrupunu 4 xalla sonuncu pillədə başa vurublar.