Qurban Qurbanov: "Hər zərbə istədiyin kimi alınsa, futbolun marağı olmaz"
"Qarabağ" Avropa Liqası qrup ərhələsinin dördüncü turunun matçında doğma meydanda "Olimpiakos"la 0:0 hesablı heç-heçə edib.
mediasport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfrsansında Ağdam təmsilçisinin baş məşçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Çox istəyirdik ki, qalib gələk. Amma sona kimi çox gərgin oyun getdi. Rəqib də istəkli idi. Oyundan razı qaldım. Minimum məğlub olmamaq yaxşı nəticə oldu. Ancaq hər bir halda bu matçdan ümumən narahat idim. Çünki futbolçularımda yorğunluq var idi. Bunu əvvəlcədən bilirdim. Sağolsunlar, sona qədər çox yaxşı mübarizə apardılar, oyun intizamını qorudular. Futbolçularımı təbrik edirəm. "Olimıpiakos"a da qaşrıdakı matçlarda uğurlar arzulayıram.
Kadi Borgesin zədəsi nə yerdədi?
- Sabah dəqiq bilinəcək. İlk yarıdan sonra ağrıları var idi. Amma dedi ki, oynaya bilərəm. İkinci hissədə gördük ki, əziyyət çəkir və ona görə dəyişdik.
22-23 dəqiqə ərzində qol epizodları oldu. Sonradan rəqib beşli müdafiədən dördlü müdafiəyə keçdi və "Qarabağ"a qol epizodu vermədi. Buna qarşı heç nə fikirləşməmişdiz?
- 30-cu dəqiqədən sonra dəyişiklik etdilər. Bir az çətinliyimiz oldu. Amma ikinci hissə oyunu tam ələ ala bildik. Bu rəqibin futbolçuları elədir ki, istənilən sistemdə özlərini çox təcrübəli aparırlar. Müəyyən müddət gərginlik oldu. Rotasiyalar edən komandalar çoxdu. Amma mən öz sistemimizi qoruyub-saxlamağa üstünlük verirəm. 90 dəqiqə tam hazırlaşdığın kimi oynamaq mümkün deyil. Çünki qarşımızda bu cür rəqib var idi. Amma futbolçularım bunu bacardılar, oyundan qopmadılar və oyun intizamını qoruyub-saxladılar.
"Olimpiakos" bir xala oynayırdı və buna çox sevindilər. Bu gün iki xal itirdiniz demək olar?
- Rəqib haqda fikir bildirə bilmərəm. Bir xal qazandıq. Çünki minimum Konfrans Liqasının play-off mərhələsini təmin etdik. Məğlub olsaydıq, tam fərqli göstərici olardı. Qarşımızdakı rəqib bura qələbə üçün gəlmişdi. Çünki xalları yox idi. İlk xallarını qazandılar. O dərəcədə sevindiklərini görmədim. Amma bir xal onların gələcək planları üçün böyük əhəmiyyət kəsb edirdi. Mən həmişə əldə etdiyimiz xala və nailiyyətə şükür etmişəm. Qalib gəlmək istəyirdik. Amma bir xal oldu. Nəticədən razıyam.
Matçın gedişində Fransadakı "Nant"- "Frayburq" görüşünün nəticəsindən xəbərdar idiniz? Bir xalın qənaətbəxş olması Fransadakı nəticəyə görədi?
- Qətiyyən yox. Oyunun gedişatında heç bir məlumatım yox idi. Öz nəticəmizi daha çox düşünürdük. Bəlkə də oyundan 10 dəqiqə sonra bildim ki, "Nant" uduzub.
"Olimpiakos"la Bakıdakı oyuna görə hər kəs narahat idi. Sizcə, nəyə görə?
- Hər oyundan öncə narahatlığımız olur. Rəqibin gücünü bilirdik. Kənardan fərqli görünür. Böyük tarixi olan kluba qarşı oynayırdıq. Böyük titulları olan futbolçuları var idi. Hansı ki, bu cür vacib oyunlarda onların təcrübəsi, bacarığı nəticəni həll edə bilir. Bizdən gözləntilər çox idi. Birinci yer uğrunda mübarizə aparmağımız kimi danışıqlar gedirdi azarkeşlər, jurnalistlər arasında. Biz də çox böyük titullar qazanmış klub deyilik. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra yenə Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatlıq var idi. Ancaq mən belə hallara həmişə müsbət baxmışam.
Çərçivəyə zərbə olmadı. Bu barədə fikriniz necədi?
- Olmamış, olmaz. Rəsmi statistika səhv verə bilər (gülür). Ona baxmaq lazımdı. Qapıçıları top çıxardı. Çərçivəyə gedən toplar oldu. Hər oyun, hər zərbə istədiyin kimi alınsa, məncə, maraqsız olar. Qarşıdakı oyunlarda olar.
Komandanızın oyununda nədən narazı qaldınız?
- Narazı qaldığım məqamlar haqda həmən fikir bildirə bilməyəcəm. Mən həmişə belə oyunlarda hər epizoda real yanaşmaq istəyirəm. Çünki qarşımızda rəqib, istədiklərimizin qarşısını alan canlı qüvvə var. Belə olan halda rəqibi də nəzərə almaq lazımdı. Bəli, reallaşdırmalarda narazılıq var idi. Bu da texniki səhvlər idi.
Standart vəziyyətlərdə reallaşdırma istənilən durumda deyil. Kornerlərdən sonra təhlükəli vəziyyət yaşanmadı...
- İnanın ki, bəlkə də ən razı qaldığım oyun oldu. 15-16 nəfər olan yerdə, düşündüyümüz, hazırlaşdığımız kombinassiyaları həyata keçirdik. Çox asan epizodlar yaratmadıq. Rəqib bilə-bilə də, bunun qarşısını ala bilmədi. Reallaşdırmada problem oldu. Bu da normaldı. Hər düşündüyümüz alınsa, futbol oynamağa nə var idi ki?