"Bazel"lə görüşdə gücümüzü göstərməliyik" - "Sabah"ın məşqçisi

"Bazel"lə görüşdə gücümüzü göstərməliyik" - "Sabah"ın məşqçisi

"Həmin oyuna dair nəsə demək çətindir. Demək olar ki, ən güclü rəqib məhz bizə düşdü. Avropanın ən güclü akademiyalarından biri elə "Bazel"ə məxsusdur".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Sabah"ın U-19 komandasının məşqçisi Saşa Yunisoğlu UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsinin İsveçrə klubu ilə oyunu barədə deyib.

O, rəqibin stabil oyun nümayiş etdirdiyini və Çempionlar Liqasında mütəmadi iştirak etdiklərini söyləyib:

"Bazel"in ötən mövsüm keçirdiyi oyunlara da baxmışıq Rəqibimiz ÇL-da "Bayern"ə uduzaraq mübarizəni dayandırdı. Çox yaxşı futbolçulara sahib komandadır".

Azərbaycan millisinin sabiq üzvü püşkatmada bəxtlərinin gətirmədiyini və qarşılaşmanın çətin keçəcəyini vurğulayıb:

"Bu görüş bizim üçün yenilik olacaq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Futbolçular hər şeyi başa düşürlər. Çox istəkliyik. 1 ay vaxtımız var, hazırlaşırıq. Həm "Sabah"ın əvəzedicilər komandasında, həm də U-19-da işlərimiz davam edir. Hər ikisindən futbolçular seçməli və "Bazel"lə oyunda gücümüzü göstərməliyik".

"Sabah"ın isveçrəlilərlə ilk dueli oktyabrın 23-də səfərdə olacaq, noyabrın 6-da Bakıda cavab qarşılaşması keçiriləcək.

Qalib komanda 3-cü mərhələdə "Braqa" (Portuqaliya) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.

Rövşən ƏLİSOY