Millimizin keçmiş futbolçusu karyerasını başa vurub: "Hamıya sonsuz təşəkkürümü bildirirəm"
Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Ruslan Abışov peşəkar futbolçu karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm. İstərdim ki, futbolla yetirməsi və qatı azarkeşi olduğum "Neftçi"nin forması ilə vidalaşım, amma qismət deyilmiş. Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım, hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə, idman jurnalistlərinə) və bir sözlə, üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm" - , deyə Abışov yazıb.
Qeyd edək ki, Ruslan Abışov karyerası ərzində “Neftçi” və “Zirə” ilə yanaşı, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının da formasını geyinib.
“Ağ-qaralar”ın heyətində Premyer Liqanın ikiqat qalibi olan R. Abışov 2010/2011-ci illər mövsümünün ən yaxşı müdafiəçisi, 2012-ci ildə isə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
O, həmçinin yığmanın heyətində 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.