"Milli hamımızın qürurudur - Hər bir mütəxəssis orada çalışmaq istəyər"
"Bəzi oyunlar oldu ki, qələbə qazana bilərdik. Doğma meydanda İsveçə qalib gəldikdən sonra millimizdən gözləntilər çox oldu. Belçikaya 0:5 hesablı məğlubiyyəti heç kim gözləmirdi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib
Yığma komandamızın AVRO-2024-ün seçmə qrup mərhələsində çıxışları barədə danışan gənc mütəxəssis Canni De Byazi ilə əməkdaşlığın uzadılmamasından sonra boş qalan baş məşqçi postuna adının hallanmasına münasibət bildirib:
"Hər kəs kimi, mən də milli komandada yerli məşqçilərin işləməli olduğu fikrindəyəm. Neçə illərdir əcnəbi məşqçilərə üz tutduq, görünən odur ki, böyük bir fərq olmadı. Hal-hazırda işləyən və işləməyən məşqçilərimiz var. Bunun üzərindən AFFA rəhbərliyi götür-qoy edəcək. Milli komanda hamımızın qürurudur. Hər bir mütəxəssis orada çalışmaq istəyər. İnşallah, xeyirli bir qərar verərlər".
Qeyd edək ki, Azərbaycan millisinə 2020-ci ilin avqustundan rəhbərlik edən Canni De Byazi AFFA İcraiyyə Komitəsinin iki gün əvvəl keçirilən fövqəladə iclasında müqaviləsinin uzadılmamasını istəyib.