"Sabah"da yeni sponsor
Bu gün “Sabah” Futbol Klubu və “Gədəbəy Mineral Suları” MMC arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə bağlanıb.
mediasport.az xəbər verir ki, müqaviləni “Sabah”ın icraçı direktoru Ramin Həsənov və “Gədəbəy Mineral Suları” MMC-nin icraçı direktoru Adil Haqverdiyev imzalayıb.
Müqaviləyə əsasən, “Gədəbəy Mineral Suları” MMC “Sabah” Futbol Klubunun Misli Premyer Liqasının 2022-23-cü illər mövsümü üzrə su sponsoru olacaq. Şirkət cari mövsüm ərzində “Sabah” Futbol Klubunun əsas komandası və akademiyasını içməli su məhsulları ilə təmin edəcək. “Sabah” Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da, klubun oyun formasının qolunda və sosial media hesablarında şirkətin brendi olan “Slavyanka” mineral sularının reklamı yerləşdiriləcək.
“Sabah”ın icraçı direktoru Ramin Həsənov bu anlaşmanın hər iki tərəf üçün uğurlu olacağına inandığını deyib:
“Bu gün klubumuz üçün yeni tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalayırıq. “Gədəbəy Mineral Suları”MMC şirkəti artıq bizim tərəfdaşlarımızdan biri olacaq. Yeni tərəfdaşımız öz sahəsində ölkənin ən tanınmış brendlərindən biridir. “Gədəbəy Mineral Suları”nın bizim yeni tərəfdaşlarımızdan biri olmasından çox şadıq. İnanıram ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq”.
“Gədəbəy Mineral Suları” MMC-nin icraçı direktoru Adil Haqverdiyev ˝Sabah˝la tərəfdaşlıqdan məmnun olduğunu qeyd edib:
“Çempionatımızın ən gənc komandası olmasına baxmayaraq, ˝Sabah˝ həm uşaq futbolunda, həm də əsas komandanın inkişafı istiqamətində mühüm işlər görüb. Uşaq futbolunda əldə olunan nəticələr, əsas komandanın baxımlı oyunu və həyata keçirilən layihələr artıq bu kluba qarşı böyük bir rəğbətin formalaşmasına səbəb olub. İnanırıq ki, ˝Sabah˝bu inkişaf tempi ilə tezliklə ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edəcək. Belə bir klubla tərəfdaşlıqdan məmnunuq˝.