"Hədəfimiz qrupdan çıxmaq olacaq" - "Sabah"ın baş məşqçisi
"Rəqibin oturmuş heyəti var idi. Komanda "onurğa sütunu"nu qoruyub. Bizdə isə komanda, demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik".
Mediasport.az xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis FİBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında İsveç təmsilçisi "Norrçppinq Dolfins"lə oyun haqda fikirlərinbi bölüşüb. O, məğlubiyyəti belə şərh edib:
"Bir az zamana ehtiyacımız var. Buna baxmayaraq, düşünürəm ki, yaxşı çıxış etdik. Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq.
İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda da rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından "Norrçöpinq" daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın basketbolçularda yorğunluq var idi.
İrəli baxmalıyıq. Mübarizəni FİBA Avropa Kubokunda davam etdirəcəyik. Bizim kimi Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar burada iştirak edəcəklər. Bu isə turnirin səviyyəsindən xəbər verir".
R.Kurtinaytis komandanın 1/4 finala qədər gəlməsini uğur kimi qiymətləndirib:
"Sabah" yeni komandadır. Bizim buralara gəlməyimiz artıq uğurdur. Biz artıq Avropa basketbol ailəsinin üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz".
Xatırladaq ki, "Sabah" dünən Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunan 1/4 final görüşündə skandinavlara 71:75 (18:15, 19:18, 11:23, 23:19) hesabı ilə məğlub olub.