"Sabah"ın baş məşqçisi: "Hər 3 oyunda qələbə qazana bilərik"
"Komandamızın hazırlığı məni qane edir. İlk oyundan gözləntilərə gəldikdə isə sona qədər mübarizə aparıb qələbə qazanmaq üçün mümkün olan hər şeyi edəcəyik".
Mediasport.az xəbər verir ki, bu sözləri “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev FİBA Avropa Kubokunun 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəkləri oyunlarla bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Şimali makedoniyalı mütəxəssis ölkəsində baş tutacaq turnirdə uğurlu çıxış etməyə çalışacaqlarını bildirib:
"Azərbaycanlı basketbol həvəskarlarını sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hər üç oyunda qələbə üçün döyüşəcəyik. Basketbolçularımın simasında əsl döyüşçü obrazı görmək istəyirəm. Rəqiblərimizin avrokubok təcrübəsi olsa da, hər 3 oyunda qələbə qazana bilərik".
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan çempionu sabah “Donar” (Qroningen, Niderland), oktyabrın 3-də “Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”lə (Buxarest, Rumıniya) qarşılaşacaq.