Diniyev Premyer Liqanı iki hissəyə böldü: "Çempionluğa əsas iddialı..."
“Premyer Liqada komanda sayının 10 olması, əlbəttə, yaxşıdır. Oyun sayı çoxalır, futbolçular praktika baxımından əziyyət çəkmirlər.
Bunu mediasport.az saytına açıqlamasında veteran məşqçi Şahin Diniyev deyib.
Premyer Liqada son dəfə “Kəpəz”in (2015/2017) baş məşqçisi olmuş 56 yaşlı mütəxəssis cari çempionatı dəyərləndirib, 10 komandalı Premyer Liqanın üstünlüklərindən danışıb.
- Premyer Liqada əlavə 8 oyun futbolçular üçün az deyil. Kubok görüşləri, üstəlik bəzi klublarımızın yayda avrokuboklarda 2-4 və daha çox görüş keçirməsi, ümumilikdə, futbolçular üçün müsbət məqamdır. Bu il çempionata gələn hər iki klubun bölgə təmsilçisi olması da Premyer Liqaya əlavə rəng qatır, oyunlar daha maraqlı keçir. Bilirsiz ki, Gəncədə, Tovuzda oynamaq asan deyil. Bu rayonların futbol ənənələri, böyük azarkeş kütləsi var. Belədə komandalar arasında rəqabət də bir qədər artmış olur. Daxili yarışda rəqabət olanda artıq buradan avrokuboklara çıxan klubların da oyun keyfiyyəti xeyli yüksəlir”.
Komandaların şanslarını da dəyərləndirən Diniyev vurğulayıb ki, Premyer Liqanı iki hissəyə bölmək olar:
“Sırf Azərbaycan çempionatından danışanda yarışı iki yerə bölmək istərdim: çempionluq və medallar uğrunda yarışanlar, bir də ikinci “5-lik” uğrunda mübarizə aparanlar. Söz yox ki, çempionluğa əsas iddialı “Qarabağ”dır və ona yalnız “Neftçi” və “Sabah” mane olmağa çalışacaq. Bu komandalar qızıl medal yolunda “Qarabağ”la hardasa rəqabət apara bilərlər. Aydındı ki, “Qarabağ” bütün komandalardan hər bir cəhətdə qat-qat güclüdür. 4-cü yer üçün “Qəbələ” ilə “Zirə”nin mübarizə aparacağını proqnozlaşdırmaq olar. Qalan komandalar isə digər yerlər uğrunda oynayacaqlar. Əsas da çempionatdan düşməmək üçün gərgin rəqabət gedəcək. Mənə elə gəlir, builki çempionat keçənilkindən daha maraqlıdır”.