Samir Abasov: "Nəticə məyusedici olsa da, bu, yoldaşlıq oyunudur"
Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" ilk yoxlama matçında Rumıniyanın "Hermanştadt" klubuna uduzub - 0:3.
Mediasport.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Samir Abasov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
"Çox çətin oyun oldu və əslində belə də gözləyirdik. Yanvarın 3-dən bəri fasiləsiz məşq edirik. Cədvəlimiz çox sıxdır. Uşaqlar mənim tapşırıqlarıma əsasən, əllərindən gələni etməyə çalışdılar. Bu, mövsümün ikinci yarısına hazırlıqdır. Belə yükləmələrin fonunda bu oyun bizə lazım idi. Komandanı bu şəraitdə də görmək vacibdir. Nəticə məyusedici olsa da, bu, yoldaşlıq oyunudur. Bu oyunu diqqətlə təhlil edəcəyik. Nəticə üzərində dayanmayacağıq, daha çox vacib matçlarda bugünkü səhvlərimizin qarşısını almaq üçün meydanda nə edə biləcəyimizi qeyd edəcəyik".
Xatırladaq ki, "Sumqayıt" növbəti yoxlama oyununu yanvarın 16-da Özbəkistanın "Soqdiana" klubuna qarşı keçirəcək.