Samir Əliyevin çoxlu ayıbı!

Samir Əliyevin çoxlu ayıbı!

"Futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm".

Bu fikirlər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevə məxsusdur.

Mütəxəssis bunu Avropa çempionatının Serbiya ilə Bakıda keçirilmiş seçmə mərhələ görüşündən sonra 0:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.

2022-ci ilin fevralından U-21-ə rəhbərlik edən Əliyev 3-4 seçmə mərhələni bax beləcə yola verməklə məşğuldur.

Uzağa getməyək, bu tsikldə yığmamız yer aldığı F qrupunda keçirdiyi 8 oyunun 7-də uduzub. Bəs baş məşqçi nə deyir? - "Komandam futbol oynaya bilir"...

Ayıbdı, Samir bəy, ayıb. Sizin necə futbolçu olduğunuzu, karyeranızı yaxşı xatırlayırıq, bəli, futbolu siz oynayırdız, oynaya bilirdiz.

Amma hazırda rəhbərlik etdiyiniz komandada yer alan futbolçular xaraktersiz və şikəstdir, futbol oynada bilmirsiz!

Samir Əliyev, "komandam futbol oynaya bilir" deyirsiz, xahiş edirik, Serbiyanın dünən vurduğu ikinci qolun videotəkrarına baxın. Xahiş edirik, bir neçə dəfə baxın.

Baxın və belə ayıb fikirlər səsləndirməyin.

8 matça 4 qol vurub 18-ni buraxan, qrupda sonuncu yerdə olan milli komandanın baş məşqçisi belə fikirlər səsləndirməməlidi!

İtaliya, İrlandiya, Norveç və Türkiyə ilə eyni qrupda yarışan Latviyanın topladığı 8 xaldan utanın!

İspaniya, Belçika, Şotlandiya və Macarıstanın yer aldığı qrupda 6 xal qazanmış qazaxlardan utanın!

Niderlandın yer aldığı qrupda 16 xalla ikinci olan Gürcüstandan utanın!

Almaniya, Polşa, İsrail və Bolqarıstan olan qrupda 12 xal (!) toplamış Kosovodan utanın!

Utanın, utanın, utanın!

Futbolu bizdən 20 dəfə kasıb olan bu ölkələr oynayırlar, bəli. Sizin komanda futbol oynamır, oynaya bilmir!

Mediasport.az