Santuşun köməkçilərindən birinin adı, digərinin vəzifəsi dəqiqləşib
Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş və köməkçilərindən biri təxminən iyulun 2-si və ya 3-ü Bakıya gələcək. Ayın ortaları ailələri də ölkəmizə təşrif buyuracaq.
Bu barədə Mediasport.az saytına AFFA-dan məlumat verilib.
Portuqaliyalı çalışdırıcının burada ilkin planı da qismən məlumdur.
Onun köməkçilərinin hamısı müəyyənləşməsə də, birinin Rikardu Migel Souza Santuş olacağı dəqiqdir. 42 yaşlı məşqçi uzun illərdir Santuşla birlikdə çalışır.
Digər köməkçi isə adını hələlik öyrənə bilmədiyimiz videoanalitik olacaq.
Baş məşqçi və iki köməkçisi ölkəmizdə daimi yaşayacaq. Ailələri ilə birlikdə.
Bu "3-lük" gələn ay Bakıda milli komanda, klublarla tanış olacaq, təmsilçilərimizin avrokuboklarda ev matçlarını stadionlardan izləyəcəklər.
Qalan iki məşqçi daha sonra seçiləcək.
Xatırladaq ki, AFFA iyunun 12-də 69 yaşlı Fernandu Santuşla 2+1 illik müqavilə bağlayıb.
Rövşən Əlisoy