"Çempionatı yarılamamışıq hələ, indidən iddiadan danışmaq tezdir"
"Səbail"in futbolçusu Rüfət Abdullazadə Mediasport.az saytına müsahibə verib.
Mövsümə yaxşı başlasaz da, ardıcıl 3 turdur qələbə qazana bilmirsiz. Səncə, bunun səbəbi nədir?
- Biz bütün oyunlara yaxşı nəticə qazanmaq üçün çıxırıq. Çox yaxşı komandamız var, qazandığımız xallar da bunun bariz nümunəsidir. Sadəcə olaraq, son oyunlarda istədiyimiz nəticəni qazana bilmirik. Burda problem görmürəm, bu, futboldur. Əsas odur ki, oyun planında kimdənsə geri deyilik, zamanla hər şey daha yaxşı olacaq. Çox gözəl kollektivimiz var, bizə bir qədər vaxt lazımdır. Hədəfimiz əlimzdən gələnin ən yaxşısını edərək turnir cədvəlinin üst sıralarında qərarlaşmaqdır.
Səncə, "Səbail" avrokubok iddiasını sona qədər davam etdirə biləcək?
- Premyer Liqa uzun marafondur. Çempionatı yarılamamışıq hələ. İndidən hansısa iddiadan danışmaq tezdir. Əsas hədəfimiz liqanı bacardığımız qədər üst pillələrdə bitirməkdir. Bunun üçün çox yaxşı komandamız var. Oynadığımız oyunlarla da sübut etməyə çalışırıq.
Kubokda da mübarizəni davam etdirirsiz. Sizin üçün daha vacib olan hansıdır?
- Kubok fərqli yarışdır, burada istənilən nəticə qeydə alına bilər. Əlbəttə, istərdik ki, uğur qazanaq. Bunun üçün də əlimizdən gələni edəcəyik. İnşallah, istədiyimiz oyunları kubokda da göstərib azarkeşlərimizi sevindirərik. Hər birimiz komandamızın uğurlu olması üçün mübarizə aparırıq.
Ağabala və Ramalinqom kimi əsas futbolçuların zədəli olması, deyəsən, oyun planınıza çox ciddi təsir edib.
- Həm Ağa, həm də Aleks komandamız üçün vacib oyunçulardır. Təbii ki, onların zədəli olması bizə təsir edir. Buna baxmayaraq, biz bir komandayıq. Birimiz olmayanda digərimiz onun yoxluğunu hiss etdirməmək üçün əlindən gələni edir. Aleks artıq oyunlarda iştirak edir. İnşallah, Ağa da tezliklə aramıza qayıdar.
Növbəti turda "Sabah"ın qonağı olacaqsız. Gözləntilərin nədir?
- Bizi həftəsonu çox ağır oyun gözləyir. “Sabah” olduqca ciddi rəqibdir. Bütün oyunlara eyni qaydada hazırlaşarıq. Uğurlu nəticə qazanmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik.
Öz çıxışınla diqqət mərkəzindəsən, amma seçmə mərhələdə milli komandaya dəvət almadın. Qarşıdakı toplanışlarda yığmaya çağırılacağını gözləyirsən?
- Hər bir futbolçunun arzusu milli komandada çıxış etməkdir. Nə zaman mənə ehtiyac duyulacaqsa, əlimdən gələnir əl yaxşısını etməyə çalışacam. Milli komanda hər bir futbolçunun şərəf yeridir.