Bakıya gələn klub nümayəndələri Fərid Qayıbovla görüşdü - FOTO
Gənclər və idman naziri Fərid Qayıbov COP29-da iştirak etmək üçün Azərbaycana gəlmiş futbol klublarının nümayəndə heyətini qəbul edib.
Mediasport.az xəbər verir ki, görüşdə Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall, dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner, "Udineze"nin sahibi Maqda Pozzo, "Liverpul"un təsir üzrə direktoru Rişi Jain, "Fənərbağça"nın dayanıqlılıq üzrə direktoru Gülcə Şənərən, "Atletiko"nun dayanıqlılıq və məsuliyyətli biznes üzrə rəhbəri Rosiya Torres, "Portu"nun dayanıqlılıq üzrə meneceri Teresa Santos, "Tottenhem"in dayanıqlılıq üzrə meneceri Markus Perri, "Betis" fondunun baş meneceri Rafel Muela Pastor, "Flamenqo"nun direktoru Katia Alencar və "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.
Qonaqları salamlayan nazir "Qarabağ" Futbol Klubunun təklifini və dəvətini qəbul edib ölkəmizə gəldikləri üçün onlara təşəkkür edib. COP29 çərçivəsində artıq bir çox futbol ulduzlarının və mütəxəssislərin ölkəmizə gəldiyini bildirib. 700-dən çox futbol klubunun birləşdiyi Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall səmimi qəbula görə təşəkkür edib və təşkilatın missiyası barədə məlumat verib. Qonaqlar təmsil etdikləri klubların fəaliyyətləri barədə danışıblar.
Görüş zamanı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.