Futbolçular rəhbərliyə 1 həftə vaxt verdi - "Sumqayıt"da ARA QARIŞDI
Tarixində ilk dəfə Azərbaycan Premyer Liqasında 2-ci yeri tutmağa çox yaxın olan "Sumqayıt"da ara qarışıb.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, "gənclik şəhəri" klubu 2 aya yaxındır futbolçuların mükafat və əmək haqqlarını gecikdirir.
Yaxşı nəticələrə rəğmən, ödənişləri ala bilməmələri komanda üzvlərini ruhdan salıb.
2-3 dəfə rəhbərliyə xəbərdarlıq mesajı göndərən futbolçuların sponsorla görüşə yollanmağa hazırlaşdıqları deyilir.
Çünki 1 aydır rəhbərlikdən onlara qəti söz deyən yoxdur. "Bu gün-sabah" söhbətlərindən təngə gələn futbolçular klub rəhbərliyinə 1 həftə vaxt veriblər.
Baş məşqçi Samir Abasov problemi bir həftəyə həll edəcəyinə dair vəd verib.
Xatırladaq ki, Sumqayıt təmsilçisi liqada 34 turdan sonra 54 xalla ikinci pillədə qərarlaşıb və avrokubokların astanasındadır.