"Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı"

"Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı"

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç Mediasport.az saytına müsahibə verib.

İli qələbə ilə yekunlaşdırdınız. “Araz-Naxçıvan”la oyun haqda nə deyə bilərsiniz?

- Çox maraqlı oyun keçdi. Gərgin qarşılaşma idi. Bu matçı bir növ kiçik derbi də saymaq mümkündür. Qalib gəlmək istəyirdik. “Araz-Naxçıvan” da çox yaxşı oynadı. Buna baxmayaraq, istəyimizə çatdıq, meydanı 3 xalla tərk etdik. İli qələbə ilə başa vurduğumuz üçün çox şadıq. “Araz-Naxçıvan”la aradakı xal fərqini bir qədər də artırdıq. İndi yaxşıca dincəlmək olar.

İlk hissədə rəqib futbolçu Urfan Abbasovla mübahisə edirdiniz, nə baş vermişdi, nəyi bölüşdürə bilmirdiniz?

- Həmin epizodda top dayanmışdı, mən də Juninyoya ötürmə vermək istəyirdim. Təsadüfən belə alındı. Qəsdən ona zərbə endirmədim. Dediyim kimi, bu matç kiçik derbi idi. Oyunun gedişində belə gərgin anlar olur. Amma nə baş veribsə, mənimçün elə meydanda da qalır. Mən matçdan sonra hər şeyi yadda çıxarıram.

Artıq mövsümün ilk yarısı başa çatdı. Ötən illə cari mövsümün ilk iki dövrəsini müqayisə etsək, çempionatın səviyyəsində fərq var?

- Bəli, çempionatın səviyyəsi artır. Azərbaycana daha çox səviyyəli futbolçular gəlir. İldən-ilə inkişaf gedir. Birmənalı şəkildə fərqi hiss edirik. Səviyyənin qalxması üçün keyfiyyətli legionerlərin gəlişi mütləqdir. Bu halda rəqabət, maraqlı oyunların sayı artar və stadiona daha çox azarkeş toplaşar.

Bu il uzunmüddətli zədəniz oldu. Ümulikdə başa çatmaqda olan ili özünüz üçün necə dəyərləndirirsiniz?

- Hər futbolçunun karyerasında zədə olur. Təəssüf ki, hər zaman sağlam qalmaq mümkün deyil. Məndən başqa da zədəli futbolçularımız oldu. Ümid edirəm ki, 2025-ci il daha yaxşı olacaq. Zədəsiz bir il keçirəcəyik.

Bəs “Qarabağ” üçün başa çatmaqda olan ili necə qiymətləndirmək mümkündür?

- Bu ili bir ömür xatırlayacağıq. “Braqa” və “Bayer Leverkuzen”lə oyunlar heç vaxt unudulmayacaq. Tarixi nəticələr idi. Ümumilikdə mövsümün ilk hissəsi əla keçdi. Avrokuboklarla yanaşı, mövsümün sonunda həm çempion olduq, həm də ölkə kubokunu qazandıq. Təəssüf ki, yaydan sonra hər şey istədiyimiz kimi alınmadı. Çempionlar Liqasında qrup mərhələsində oynamaq istəyirdik. Lakin pley-offda uduzduq. Avroliqada isə 6 maçtdan 5-də məğlubiyyət acısı yaşadıq. Halbuki daha yaxşı nəticələr qazanamq mümkün idi.

Avroliqada vəziyyət elədir ki, real yanaşsaq, pley-off şansınız çox azdır. Son 2 matç haqqında nə düşünürsünüz?

- Hər iki oyuna ciddi yanaşacağıq. Əlimizdən gələni edəcəyik. Bilirsiniz ki, indki məqamda hər şeydən bizdən də asılı deyil. Digər komandaların necə oynayacağı vacibdir. Bununla belə, əminliklə deyirəm, bütün gücümüzü meydanda qoyacağıq ki, son iki oyunda qələbə qazanaq. Sona qədər mübarizə aparacağıq.

İlin sonunda müxtəlif sorğular keçirilir ki. Sizcə, hansı yerli futbolçunu ilin ən yaxşısı saymaq olar?

- Bir qədər düşünməliyəm (fikirləşir).

“Qarabağ”dakı komanda yoldaşlarınızdan da seçə bilərsiniz.

- Elədirsə, o zaman əminliklə Toral Bayramovu deyirəm. Gəncdir, bu il çox vacib qollar vurub. Onun gözəl gələcəyi var.

Elvin