Ten Haqla yola getməyən vinger keçmiş klubuna qayıtmaq üzrədir
Son illər qeyri-stabil çıxış edən "Mançester Yunayted"də ciddi sıxıntılar müşahidə olunmaqdadır.
Mediasport.az xəbər verir ki, gözləntiləri doğrultmayan baş məşqçi Erik Ten Haqın da bəzi futbolçularla yola getmədiyi zaman-zaman İngiltərə mətbuatında yer alan əsas xəbərlərdəndir.
Britaniya mətbuatının bu dəfə yazdıqlarına inansaq, məhz niderlandlı mütəxəssislə aralarındakı münaqişəyə görə əsas heyətə düşə bilməyən Ceydon Sanço "qırmızı şeytanlar"ı tərk etməyə hazırlaşır.
24 yaşlı ingiltərəli vingerin köhnə klubuna - "Borusisiya"ya (Dortmund) qayıdacağı deyilir.
Qeyd edək ki, Sanço ötən ilin sentyabrında Ten Haqla münaqişədən sonra əsas komanda ilə məşqlərini dayandırıb. Baş məşqçi isə onu yalnız üzr istədikdən sonra bağışlayacağını açıqlamışdı.
İngiltərə millisinin futbolçusu karyerasına məhz Almaniya klubunda başlayıb.