Türkiyəli baş məşqçi Gəncə klubunun məğlubiyyətini şərh edib
“Gəncə” klubunun baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 12-ci turunun “Sərhədçi” ilə oyununu şərh edib.
Mediasport.az xəbər verir ki, türkiyəli mütəxəssis qərb təmsilçisinin məğlubiyyətini şərh edərkən komandasının pley-off şanslarının azaldığını qeyd edib.
O, 72:78 hesablı yenilgi haqda bunları deyib:
"Görüşə çox yaxşı başladıq. Qalib gəlməyi hədəflədiyimiz oyun idi. Ona görə də çox çalışmışdıq. Start bizim üçün yaxşı da alındı. Təəssüf ki, rəqibin müdafiədəki sərtliyinə cavab verə bilmədik. İlk periodda ortaya qoyduğumuz oyunu digər hissələrdə göstərməkdə çətinlik çəkdik. Çox məyusuq. Pley-off şansımız çox azaldı. Amma nəfəs aldığımız müddətdə mübarizə aparmağa davam edəcəyik. Bizi dəstəkləyən hamıya təşəkkür edirik”.
Qeyd edək ki, "Gəncə" 16 xalla 9-cu pillədə qərarlaşıb.