"Ümid edirəm ki, çəkdiyimiz əziyyət yerdə qalmaz" - Yığmamızın üzvü
“Avropa Oyunlarının finalında ispaniyalı ilə görüşmək istəyirəm”.
MediaSport.az xəbər verir ki, bu sözləri Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada keçiriləcək III Avropa Oyunları barədə Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlamasında deyib.
74 kq çəki dərəcəsində çıxış edən idmançı yarışda güclü rəqiblərlə qarşılaşacağını bildirib: “İspaniyalı taekvondoçu bu çəkidə dünyanın bir nömrəsidir. 74 kq-da ümumilikdə 13 idmançı mübarizə aparacaq. Onların hər biri Avropada seçilmiş taekvondoçudur. Buna baxmayaraq, məqsədim bütün gücümlə mübarizə aparıb, Azərbaycan bayrağını dalğalandırmaqdır”.
2022-ci ildə gənclər arasında Avropa çempionatının bürünc medalını qazanan Eltac Qafarov Avropa Oyunlarına hazır olduqlarını söyləyib: “Məşqlərimiz intensiv şəkildə gündə iki dəfə davam edir. Texniki və taktiki məşqlərimizi etmişik. Məşqçilərimiz bizə dəstək olurlar. Yarışa hazırıq. Ümid edirəm ki, hər şey yaxşı yekunlaşar, çəkdiyimiz əziyyət yerdə qalmaz. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir, özümüzə inanırıq”.
Qeyd edək ki, III Avropa Oyunları iyunun 21-dən iyulun 2-dək təşkil olunacaq.