Azərbaycanın veteran cüdoçuları DÇ-də 11 medal qazanıblar
Azərbaycanın veteran cüdoçuları dünya çempionatında 11 medal qazanıblar.
Mediasport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatında idmançılarımız 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər.
Veteranlarımız çempionatı ümumi hesabda 6-cı, kişilər arasında 5-ci yerdə başa vurublar.
Yarışın dördüncü günündə M2 və F5 yaş kateqoriyaları üzrə 15 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Cüdoçularımız turnirin sonuncu günündə 1 qızıl və 1 bürünc medala yiyələniblər.
M2 yaş kateqoriyası -66 kq çəkidə Nadir Babayev qızıl medal, Vüqar Babayev isə bürünc medala sahib çıxıb.
Eyni çəki dərəcəsində yarışan Xəyal Zalıyev 7-ci yerlə kifayətlənib. -60 kq çəkidə Əfqan Abdullayev yarışı 5-ci yerdə tamamlayıb.
F5 yaş kateqoriyası üzrə -70 kq çəkidə Zülfiyyə Hüseynova 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan DÇ-də 49 idmançı ilə təmsil olunub.