VI Robot Olimpiadası keçiriləcək

VI Robot Olimpiadası keçiriləcək

Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçiriləcək.

Mediasport.az xəbər verir ki, olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”.

Ümumilikdə bu kateqoriyalar üzrə Respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

Olimpiadanın rəsmi açılış mərasimi sentyabrın 1-də baş tutacaq. Yarışı canlı izləmək üçün hər kəsi saat 9:00-dan 17:00-dək  Milli Gimnastika Arenasına dəvət edirik!

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.