Yığmamızın kapitanı DÇ-nin püşkü haqda: "Elə qrupda yer almışıq ki..."
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Emin Kürdov DÇ-2024-ün elit-raundunun bu gün atılan püşkü barədə fikirlərini bölüşüb.
medisport.az xəbər verir ki, yığmamızın kapitanı komandamızın normal qrupa düşdüyünü deyib.
Kürdov oyunlara qədər yaxşı hazırlıq keçməyin vacib olduğunu qeyd edib:
- Rəsmi oyunlar öncəsi yaxşı hazırlıq keçməli, bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Zəif komanda yoxdur. Yarışa 48 komanda ilə başlanılıb, hazırda 20 milli mübarizəni davam etdirir. Ona görə hər bir komandaya hörmətlə yanaşmalıyıq. Elə qrupda yer almışıq ki, sanki güclər bir-birinə yaxındır. Yəni, hər bir iştirakçı digərindən xal ala bilər. Qazaxıstan və Niderlanddan daha çox ehtiyat edirəm. Rumıniyanı da siyahıdan silmirəm. Üstəlik, hər bir komanda rəqibini doğma meydanda da qəbul edəcək. Bu isə meydan sahibi olacaq milliyə əlavə üstünlük verəcək.
Təcrübəli qolkiper karyerasında ikinci dəfə mundialın final mərhələsində iştirakı arzuladığını bildirib: "Əlbəttə, arzulayıram ki, karyeramda ikinci dəfə dünya çempionatının final mərhələsində iştirak edim. Futzal adına ən mötəbər turnirdir. Dediyim kimi, hazırlıq mərhələsindən çox şey asılıdır. Bu prosesi yaxşı keçsək, qarşıya qoyulan məqsədə nail ola bilərik. AFFA hər zaman milliyə diqqət ayırıb, yaxşı şərait yaradıb. Bu dəfə də belə olacağına inanıram. Məncə, “ölüm qrupu” "E" qrupudur. "C" qrupunu isə nisbətən “yüngül” qrup adlandırardım".
Komandamız "A" qrupunda Qazaxıstan, Rumıniya və Niderland kollektivləri ilə qarşılaşacaq.