Zədəli güləşçilərimiz olimpiadaya gedə biləcəklər? - AÇIQLAMA
Güləş üzrə milli komandalarımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.
Zədəli güləşçilərin bərpa prosesi davam edir.
Sərbəst güləş üzrə yığmada yığmanın heyətində yalnız Əliabbas Rzazadə zədəlidir. Sabah “Liv Bona Dea” hospitalında müayinədən keçəcək güləşçimiz ötən həftə Macarıstanda keçirilən reytinq turnirində zədələnib.
57 kq-da Paris-2024-ə lisenziya qazanmış idmançımızın sol çiynindəki zədəsinin bərpa prosesi 10-15 gün çəkəcək. Əliabbasın müalicəylə paralel olaraq fərdi məşqlərdə iştirakı gözlənilir.
Budapeştdəki yarışı zədə üzündən tamamlaya bilməyən Sənan Süleymanovla Ülvü Qənizadənin vəziyyəti də normaldır.
Xroniki boyun zədəsinə görə ağrılar hiss edən Süleymanov Almaniyada qısamüddətli müayinədən keçdikdən sonra vətənə qayıdaraq Göygöl toplanışına qoşulacaq.
Ülvü ilə yanaşı, reytinq turnirində müəyyən zədələrə görə iştirak edə bilməyən Nihat Məmmədli, Rafiq Hüseynov və Sabah Şəriəti də iyunun 14-dən 26-dək Qərb bölgəsində baş tutacaq hazırlıq prosesində yer alacaq.
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalının Mediasport.az saytına verdiyi məlumata görə, zədəsi olan güləşçilərimizin "Paris-2024"ə yollanmamaq kimi təhlükəsi yoxdur:
"Yüngül zədələr var, hamısı nəzarət altdındadır. Hətta Əliabbas özü komanda ilə birlikdə Göygöldəki təlim-məşq toplanışında iştirak etmək istədi. Lakin məşqçilər müayinədən keçməsini məsləhət gördülər. Sabah Əliabbas müyainədən keçəcək və nəticəyə uyğun olaraq məqşlərini davam etdirəcək. şükürlər olsun, hamısının vəziyyəti yaxşıdır".